“Çempionlar Liqasına çox yaxşı hazırlaşmışıq. İstər taktiki, istərsə də standart vəziyyətlərin üzərində işləmişik. İnanıram ki, bunun bəhrəsini görəcəyik”.
İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Çempionlar Liqasında çıxış edən “AzNur”un futbolçusu Pərviz Qaraxanov deyib.
Təcrübəli futbolçu komandanın turnirdə şanslarını dəyərləndirib. O bildirib ki, Fransa klubu “Les Piopio”ya qarşı matçın nəticəsinin qarşıdakı digər oyunlara çox böyük təsiri olacaq: “Qrupdakı rəqiblərimizdən bircə “Andezit” (Ukrayna) bizə tanışdır. Digərləri haqqında az da olsa, məlumat toplamışıq. Əsas olan bizim öz oyunumuzu sərgiləməyi bacarmağımızdır. “Les Piopio”ya qarşı ilk oyunun rolu böyük olacaq. Qələbə qazana bilsək, bunun ardı gələcək. Hədəfimiz ilk növbədə qrupdan çıxmaqdır”.
Qaraxanov komandanın durumundan da danışıb: “Komandada yüksək əhval-ruhiyyə var. Atmosfer idealdır. Çətinliklər olacaq. Asan qələbə olur. Bizim əsas üstünlüyümüz heyətimizin gənc olmasıdır. Bundan maksimum dərəcədə istifadə edəcəyik”.
Qeyd edək ki, “AzNur”un “Les Piopio” matçı bu gün saat 17:00-da start götürəcək. Eyni vaxtda başlayacaq qrupun digər oyununda “Andezit” (Ukrayna) “Qalport”u (Polşa) sınağa çəkəcək.
Emin Ağa
İdman.biz