Bir vaxtlar bu zərif çiyinlər misdən, gildən hazırlanmış səhəngləri neçə də zərif şəkildə daşıyırdı. Kənardan bu zərif qızların ağır səhəngləri necə daşıması da adama qəribə gəlirdi. “Görəsən buna necə gücləri çatır, bu qab onların çiyinlərin əzmir?” kimi fikirlər də xəyalımıza gəlirdi. Elə bununla bağlı nənələrə, bibilərə suallar da verirdik. Onlar isə səhəng haqqında o qədər gözəl məlumat verirdilər ki... Səhəng barədə aldığım məlumatlardan yaddaşımın bir küncündə qalanları indi də xatırlayıram.
Çox təəssüf ki, bizim gəncliyimizədək səhənglər qızların çiynindən xeyli vaxt idi ki, enmişdi. Səhəng də, incəbelli qızların axşamüstü bir yerə toplaşıb bulaq başına getmələri də bizim üçün bir uşaqlıq xatırəsidir...
Nənəmə sual verirdim ki, ay nənə nə üçün qızlar suyu vedrədə, çaydanda daşımırlar? Bu səhəngi necə qaldırıb çiyinlərinə qoyurlar? Nənəm də cavabında deyirdi ki, ay bala, səhəng vedrədən yüngüldür. Vedrədə su daşımaq adamın qamətini əyər, lakin səhəng əyməz. Çünki onun ağırlığı çiynin ortasına düşür və orada sanki iki hissəyə bölünür. Çiynin arxasına və önünə. Ona görə də nə ağırlıq hiss olunur, nə də qamətə zərəri olur.
Nənədən su istəyəndə də səhəngdən verərdi. O vaxtlar kəndlərimizdə bütün evlərdə soyuducu yox idi. Suyu səhəngdə saxlayırdılar. Buz kimi qalırdı. Adam içəndə dişləri qamaşırdı. Nənəm deyirdi ki, səhəng suyu sərin saxlayır. Çünki səhəngin hazırlandığı material misdən və gildən olur ki, onların hər ikisi suyu sərin saxlamaq qabiliyyətinə malikdir. Həm də səhəngdə günlərlə su qala bilərdi, lakin o əsla köhnəlməzdi.
Yayda kəndə gedərdik. Nənəgildə, bibigildə yay uzunu mənalı günlər keçirərdik. Elə səhənglə bağlı xatirələrim də o mənalı günlər toplusundandır.
Bir neçə gün əvvəl işə gələrkən bir qadının marketdən çıxıb əlində su dolu 10 litrlik plastik qabı çiyninə qaldırması ilə həmin səhəngli günlərə qayıtdım. Bakının isti küçələrindən bir anlığa kəndlərimizin axşamüstü gözəl görüntüsünə, bu görüntülər fonunda isə gənc, incəbelli qızların çiyinlərində səhəng, ahəstə gülüşlə bulaqdan qayıtması mənzərəsinə qayıtdım...
***
Qarşımda ağır addımlarla irəliləyən qadının çiynindəki plastik qab, içindəki su haqqında nə söyləmək olar bəs?.. Bu fikirlərlə qadına baxır və düşünürdüm ki, çox təəssüf. Təəssüf ki, nə o qab səhəng ola bilər, nə də içindəki su kəndlərimizin əlini bir dəqiqənin tamamınadək saxlaya bilməyəcəyin buz kimi bulaqlarının suyu ola bilər.
Bəzən eşidirik ki, bu plastik qablarda satılan sularla bizi yamanca aldadırlar. O suları elə burada-Bakıda krantlardan doldurub üzərinə hansısa rayonun, kəndin məşhur bulaqlarının adını yazıb bizlərə sırıyırlar.
Suyu alırsan, ağzını açırsan və qəribə bir qoxu ilə rastlaşırsan çox vaxt. Hələ həmin su o plastik qabda bir neçə gün qalarsa, gör onu istifadə etmək olar? İçərisində qəribə bulanıqlıq gözə çarpır. Qoxusu da ki, Allah uzaq etsin.
Qiymətinə gəlincə isə, su elə bir qiymətə satılır ki, o, susuzluğu əsla keçirmir. Çünki qiyməti od tutub yanır, bu yanğı da onu alanı yandırır. 0,5 su 70 qəpikdir, hələ bu yaxınlarda 1 manata da almışdıq. Gətirib baxdıq ki, vaxtı da keçib, qaytarıb verdik özlərinə, sözümüzü də dedik.
İndi şəhərimizdə əməlli-başlı su alverçiləri yaranıb. Hələ universitet bufetlərində suyun qiymətini biləsiniz. Fürsətçilər tələbələri soyurlar su ilə. Bilirlər ki, oradan çıxa bilmirlər, almağa məcburdurlar, qiymətini qaldırırlar. Yazıq tələbə də bu sulardan alır, içir. Lakin su da su olardı kaş...
***
Elə bu arada kəndlərimizin buz bulaqlı suları xəyalımda canlanır. Tərtəmiz, göz yaşı kimi şəffaf, saf suları. İlin dörd fəsli durmadan axıb gedən, səndən onu içmək, daşımaq qarşılığında heç nə istəməyən bulaqları xatırlayıram. Ulu Yaradanın insanlara bəxş etdiyi bu bulaqların su kimi dəyərli nemətini indi alverə çevirənləri görəndə “bəs o bulaqların haqqını kim ödəyəcək?”,- deyə düşünürəm.
Fikirləşəndə ki, o bulaqlar təmizliyi, təravəti, saflığı haradan alırmış görəsən, əli səhəngli, incəbelli qızlar gəlir xəyala. Bulaqlar, sözsüz, paklığı, təmizliyi, gözəlliyi o qızlardan alırdılar. Bulaqlar sanki bir gənc oğlan, qızlar isə onların sevgilisi idi. Bulaqlar bu qızların hər axşamüstü yolunu gözləyirdi. Onların gəlişi ilə çağlayırdı, axırdı, tükənmək bilmirdi. Onların paklığı ilə paklaşırdı...
Oğlanlar isə bilirdilər ki, axşamüstü qızların bulaq başına getmək vaxtıdır. Ona görə də özlərinə qız bəyənmək üçün onların toplaşdığı yerə yaxın və ya bulaq yollarında gözləyirdilər. Elə ki, qızlar gəlib oradan keçir, onlar də bəyənir, qızlara söz göndərir, “hə” cavabı alanda elçilərini yollayırdılar. Bu incəbelli, çiyni səhəngli qızlar isə eşidirdik ki, bir evin gəlini oldu. 4-5 il sonra bu gəlin bulaq başına öz qızı-əlində kiçik səhəngi olan balası ilə gələrdi. Ona bulağın yolunu öyrədərdi. Su daşımağın qaydasını, səhəngin necə aparılmasını, doldurulmasını, ağzının tıxacla qapanmasını, çiyinə qaldırılmasını öyrədərdi. İllər ötər, bir də baxardın ki, o kiçik qız bulaq yollarındaca gənc qıza çevrilib, sevib-sevilir...
Beləliklə, səhəng həm də əsrlərin sevgisinin şahidi bir əşyadır. Onun içərisində daşınan su neçə-neçə gənclərin qovuşmasına, sevgilərinin bir ailədə birləşməsinə şahidlik edib. Bəhs etdiyimiz bulaqlar neçə-neçə gənc qız-oğlanın görüş yeri olub. Onlar bulaq başında bir-birinə vəd verib, su haqqı ilə and içib, su kimi pak hisslərlə bir-birinə yanaşıblar. Bir-birinin yolunu su yolu kimi gözləyiblər. Şairə Sədaqət Dilqəmqızının misralara naxışladığı kimi:
Dayan sözüm var,
Səndə gözüm var,
Demə dözüm var,
Ay səhəngli qız.
Bahar-barım ol,
Ol, dildarım ol,
Getmə, yarım ol,
Ay səhəngli qız.
Gülüm gül yanaq,
Gəl nişanlanaq,
Qol qanadlanaq,
Ay səhəngli qız.
Sazım naz öyü,
Bilsin qız öyü,
Al bu üzüyü,
Ay səhəngli qız.
Sonra elçilər,
Qapnıza gələr,
Toymuzu dilər,
Ay səhəngli qız.
Bəli, bu pak sevda, ülvi hisslərlə minlərlə toy olub. Xalqımız əsrlərdən bəri gözəl ailələrin təməlini qoyub. Bulaq başları, səhənglər öz təmizliyini, saflığını həmin ailələrə verib. Nəticədə ailə dəyərlərimiz formalaşıb və o dəyərləri biz uzun illər qoruyub saxlaya-saxlaya bu günlərə gətirib çıxarmışıq.
***
O səhənglər sonralar atıldı evlərdəki zirzəmi künclərinə. O səhənglər ta nə əllərə alındı, nə çiyinlərə qaldırıldı. Nə içi illərlə su gördü, nə dabanı bulaq başına dəydi. Müasirləşdik. Müasirləşdikcə də səhəngləri unutduq. Bulaqların məcrasını dəyişib yerini başqa bir məkana çevirdik. Sanki kəndlərimiz də donunu dəyişdi. Yollar asfaltlandı, qoyun-quzu səsi azaldı, təndirlərin qapısı bağlandı. Hər kəs müasirliyə qovuşdu. Çörəyi də çörək çexlərində bişirtməyə başladılar. Suyu da çəkib gətirib evlərinə qoydular. Rahatlıq arxasınca gedə-gedə bir də baxdıq ki, sağlamlığımız da əlimizdən gedib. Çünki evlərə qapandıq. Bir addım atıb nə bulağa endik, nə də iki çörəyi təndirə vurduq. Evin içində, divanın üstündə əlimizdə pult, başladıq televiziya kanallarında seriallar axtarmağa. Daha sonra da həyatımıza internet daxil oldu, başladıq sosial şəbəkələrdə gəzməyə. Bulaqlardan fərqli olaraq sosial şəbəkələr bizi buraxmadı. Bulaq başındakı axşam çağları sosial şəbəkələrdə sübh çağını gətirdi. Qaldıq sosial şəbəkələrdə. İlişdik sanki, qopa bilmədik.
Qopmadıqca da bulaqlardan, səhənglərdən, kədlərimizin axşamüstü gözəl mənzərələrindən uşaq qaldıq. Biz əslində keçmişimizdən uzaqlaşdıq. Özümüzdən uzaqlaşdıq.
***
Qadın bir az sonra su dolu plastik qabı çiynindən endirdi. Çünki o səhəng rahatlığında ola bilməzdi. İçərisindəki su səhənglərin tutduğu qədər, özü isə səhəngdən yüngül olsa da, qadının çiyninə ağırlıq verirdi. Qadın onu yerə endirib əlinə aldı.
Baxdıqca düşünürdüm ki, bu çiyinlərə ağırlıq edən o plastik qab deyil bəlkə də. İtirdiyimiz illərdir. İtirdiyimiz adət-ənənələrdir. O günləri geridə qoyan bu günlərdir. Bu günlər ki, o səhənglərdəki suyu heç vaxt bu plastik qabın içərisindəki su əvəz edə bilməyəcək. O çoxu qurudulan, yeri də qalmayan bulaqlar yalnız xatirə olaraq anılacaq. Nə yenidən o axşam çağları olacaq, nə o incəbelli qızlar, nə əllərində səhəng, nə də onların yolunu gözləyən oğlanlar...
Elə bütün bunların üzərindən xətt çəkdiyimiz üçün də yeni bir aləmə düşmüşük. Plastik qabın içərisindəki su kimi həyatımızı özümüz öz əlimizlə bulandırmışıq. İndi o su kimi, bulaq başlarındakı sevda da qalmayıb. Əhd-peyman ozamankı kimi deyil. Dəyişir, tez-tez dəyişir: qızların geyimi kimi, oğlanların geyimi kimi... Qızların gülüşü kimi, oğlanların danışığı kimi... Qızların saçı kimi, oğlanların qısa şalvarları kimi... Qızların ucadan qəhqəsi kimi, oğlanların şit zarafatı kimi...
***
Axşamüstü, bulaq başı, incəbelli, səhəngli qız... Nə yaxşı, bu mənzərəni seyr edə bilmişik ki, bu gün yazıb görməyənlərə çatdıra bilirik. Bəlkə də kimlər üçünsə maraqlı deyil, lakin biz nəslin ən gözəl xatirələr toplusudur. Hələ bugünkü axşam cağları, “bulaq” başları, belləri əməliyyatla incəldilən, küçədə plastik qablardakı suyu ağzına dayayıb içən gənc qız-oğlanların fonunda o qədər heyifsilənəcək xatirələrdir ki, bunlar...
Mətanət Məmmədova