Müasir dövrün tələblərinə uyğun olaraq orta və ali təhsil müəssisələrində yeni ixtisasların yaradılması təhsil sisteminin modernləşdirilməsi və iş bazarının tələblərinə uyğun kadr hazırlığı üçün vacibdir. Texnologiyanın sürətli inkişafı, rəqəmsallaşma və qlobal trendlər yeni ixtisasların ortaya çıxmasını tələb edir. Bu ixtisaslar cəmiyyətin tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinə kömək edə və gələcəkdə rəqabətqabiliyyətli kadrların hazırlanmasına töhfə verə bilər. Bəs, müasir dövrün tələblərinə uyğun olaraq orta və ali təhsil müəssisələrində hansı yeni ixtisaslara ehtiyac var?
Təhsil eksperti Elçin Əfəndiyev İqtisadiyyat.az-a açıqlamasında məsələ ilə bağlı öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, müasir dövrün tələblərinə uyğun olaraq orta və ali təhsil müəssisələrində konkret İT yönümlü ixtisaslara üstünlük verilməlidir. Ekspert bu istiqamətdə bəzi orta ixtisas və ali təhsil müəssisələrində artıq bir neçə ildir ki, tələbə qəbulunun həyata keçirildiyini xatırladıb:
“Amma bununla paralel ali təhsilin bakalavr pilləsində ən azı süni intellekt, blokçeyn istiqamətində tələbə qəbulu həyata keçirilməlidir. Doğrudur, informasiya təhlükəsizliyi üzrə ixtisasın olmasına baxmayaraq, bakalavr pilləsinə ayrıca kibertəhlükəsizlik, proqram təminatı, maliyyə meneceri, gen mühəndisliyi istiqamətində də tələbələrin qəbulunu həyata keçirməliyik. Magistratura pilləsində bu ixtisaslara qəbul aparılır, amma düşünürəm ki, bakalavr pilləsində də artıq bu ixtisaslara tələbə qəbulunu aparmalıyıq. Sonrakı gedişatda isə orta ixtisas təhsil müəssisələrində də adını qeyd etdiyim ixtisaslara qəbulun aparılması məqsədəuyğun hesab oluna bilər”.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da İqtisadiyyat.az-a açıqlamasında orta və ali təhsil müəssisələrində nəzərə alınmalı olan bəzi əsas yeniliklər və ixtisas dəyişiklikləri ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, təhsil sahəsindəki dəyişikliklər, texnologiyaların inkişafı, qlobal iqtisadiyyatın tələbləri və iş bazarının dəyişən tələbləri ilə bağlıdır. O, orta və ali təhsil müəssisələrində nəzərə alınmalı olan bəzi əsas yenilikləri və ixtisas dəyişikliklərini belə təqdim edib: “Kompüter elmləri və kodlaşdırma - şagirdlərə erkən yaşlardan proqramlaşdırma və rəqəmsal bacarıqlar öyrədilməlidir. Rəqəmsal təhlükəsizlik - internet təhlükəsizliyi və məlumatların qorunması mövzularında təhsil verilməlidir. Kreativ və tənqidi düşüncə - yaradıcı düşüncə və incəsənət bacarıqları inkişaf etdirilməlidir. Tənqidi təfəkkür - şagirdlərə müstəqil düşünmə və problemləri müxtəlif baxış bucaqlarından həll etmə bacarıqları öyrədilməlidir. Layihə əsaslı öyrənmə - şagirdlərə real dünya problemləri ilə məşğul olma imkanı verən layihələr hazırlanmalıdır. İnteraktiv tədris - tədris prosesinə interaktiv və praktik fəaliyyətlər əlavə olunmalıdır. Emosional intellect - şagirdlərə emosional intellekt və sosial bacarıqlar öyrədilməlidir. Komandada işləmək bacarığı - şagirdlərə komanda içində işləmə və liderlik bacarıqları aşılanmalıdır”.
Ekspert ali təhsil müəssisələrində müasir dövrdə hansı yeniliklərə ehtiyacın olduğundan da danışıb: “Çoxşaxəli təhsil proqramları - fərqli ixtisasların kombinasiyası ilə yeni ixtisas sahələri yaradılmalıdır. Məsələn, data elmləri və psixologiyanı birləşdirən proqramları qeyd edə bilərik. Modulyar təhsil - təhsil proqramları daha fleksibil və modul yanaşma ilə hazırlanmalıdır ki, tələbələr müxtəlif sahələrdə bilik əldə edə bilsinlər. Sənaye əlaqələri - tələbələrə iş bazarında real təcrübə qazanmaq üçün sənaye ilə daha sıx əlaqələr təmin edilməlidir. Staj proqramları - tələbələrə ixtisaslarına uyğun praktik təcrübə imkanı verilməlidir. Onlayn təhsil - hibrid və onlayn təhsil imkanları genişləndirilməlidir. Müasir texnologiyalardan istifadə edərək daha çevik öyrənmə imkanları yaradılmalıdır. Simulyasiya və virtual reallıq - təhsil prosesində simulyasiya və virtual reallıq texnologiyalarından istifadə edərək daha interaktiv və praktiki təcrübələr təqdim edilməlidir”.
Təhsil mütəxəssisi yenilikçi ixtisaslarla bağlı isə bunları qeyd edib: “Data elmləri və süni intellect - data analizi, süni intellekt, və maşın öyrənməsi sahələrində ixtisaslar önə çıxacaq. Yaşıl enerji və davamlı inkişaf - ekologiya, yaşıl enerji, və davamlı inkişaf sahələrində yeni ixtisaslar inkişaf etdirilməlidir. Biotexnologiya və sağlamlıq innovasiyaları- biotexnologiya, gen mühəndisliyi, və sağlamlıq texnologiyaları üzrə proqramlar artırılmalıdır. Karyera idarəçiliyi - tələbələrə karyera inkişafı və peşə idarəçiliyi üzrə təlimlər verilməlidir. Liderlik və şirkət idarəçiliyi - liderlik bacarıqları və müəssisə idarəçiliyi sahələrində əlavə təlimlər təşkil edilməlidir. Multikultural təhsil - tələbələrə qlobal mədəniyyətlər və beynəlxalq münasibətlər haqqında məlumat verən proqramlar hazırlanmalıdır. Beynəlxalq əməkdaşlıq - xarici universitetlərlə mübadilə proqramları və beynəlxalq əməkdaşlıqlar genişləndirilməlidir. Bu dəyişikliklər, orta və ali təhsil müəssisələrinin müasir dövrün tələblərinə cavab verməsinə və tələbələrin gələcəkdə daha rəqabətli bazarda uğur qazanmasına kömək edəcək”.
Təhsil mütəxəssisinin sözlərinə görə, universitet modelinin müəyyən edilməsi cəmiyyətin inkişaf səviyyəsi və təhsilin qarşısına qoyduğu tələblərdən asılıdır: “Model dedikdə universitetdə tədris prosesinin idarə edilməsinin təşkili və reallaşması üsulu nəzərdə tutulur. Universitet modelləri müxtəlif prinsiplərə görə bölünə bilər. Universitetlərin aşağıdakı modelləri ayırd edilir: “Universitet 1.0”, “Universitet 2.0”, “Universitet 3.0”, “Universitet 4.0”.
“Universitet 1.0” modeli çərçivəsində universitetlər əsas diqqəti hər hansı bir ixtisas hazırlığı baxımından zəruri olan biliklərin tələbələrə ötürülməsinə yönəldirlər. Bu universitet modeli hələ ilk universitetlər yaradılarkən formalaşıb və uzun dövr ərzində kadr hazırlığı “tələbə nəyi bilməlidir?” sualı müstəvisində həll olunub və zaman - zaman bu kontekstdə öz məzmununu təkmilləşdirə-təkmilləşdirə inkişaf edib”.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə İqtisadiyyat.az-a açıqlamasında yeni dünyada bütün ixtisasların artıq rəqəmsallaşdığını deyib.
Onun sözlərinə görə, istər tibb, istər kənd təsərrüfatı sahəsində, istərsə də maliyyə, HR və mühəndisliyin bütün sahələrində rəqəmsal səriştəliyə ehtiyac var: “Əslində, bütün ixtisaslar üzrə daha kvalifikasiyalı kadrlara ehtiyac olacaq. Buna görə də yeni dünyanın tələblərinə, yeni çağırışlara uyğun olaraq bütün ixtisaslarda rəqəmsal səriştəliyin çox böyük əhəmiyyəti var. Xüsusən də, informasiya texnologiyaları üzrə bütün sahələrdə daha yaxşı tədris planlarına, dərsliklərinə ehtiyac yaranıb”.
Mütəxəssis təəssüflə bildirib ki, Azərbaycan universitetlərində tədris və təlim istiqamətində informasiya texnologiyaları dərslikləri köhnə metodlara əsaslanır: “İstər proqramlama dilləri, istər də informasiya texnologiyaları sahəsindəki mühəndislik bölmələrində yeni, dövrün texnologiyalarına uyğun olaraq təcrübəyə söykənən dəsrliklərə ehtiyac var. Həm informasiya texnologiyaları sahəsində, həm də digər sahələr üzrə bütün fakültələrdə, ixtisaslarda rəqəmsal səriştəliyə zərurət yaranıb. Bu, dövrün tələbidir. Artıq insanlar hansı ixtisasla məşğul olurlarsa, mütləq orada rəqəmsal bir mühit, rəqəmsal fəaliyyət var. Buna görə də digər ixtisaslarda da texnologiya fənninin tətbiqi və tədrisi ilə yanaşı, xüsusən də informasiya texnologiyaları ixtisaslarında daha yeni təcrübəyə əsaslanan dərsliklər hazırlanmalıdır. Bu, gələcəyin və müasir dövrün çağırışlarıdır. Həm universitetlərdə, həm də daha alt məktəblərdə bu səriştəliklər tələbələrə aşılanmalıdır. Dövrün tələblərinə biganə qalmaq isə gələcəkdən məhrum olmaq deməkdir”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.
Sadiq Cavadov