Azərbaycan 2-ci liqasında mübarizə aparan "Şəki Siti" və "Haypers Quba" komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
1-ci liqanın 1-ci turunun “Şəmkir”lə oyununun 84-cü dəqiqəsində “Şəki Siti” komandasının heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olub. Ona görə də “Şəki Siti”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.
“Saatlı-Araz”la oyunda “Haypers Quba”nın heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən görüşlərdə "Şəki Siti" "Şəmkir"ə 0:3 hesabı ilə uduzmuşdu, "Haypers Quba" isə "Saatlı Araz"a 3:2 hesabı ilə qalib gəlmişdi.