Rusiya Prezidenti Ukraynaya “İstanbul razılaşmaları”na qayıtmağı təklif edir
Rusiyanın birinci dərəcəli vəzifəsi Donbası azad etməkdir.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivastokda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri “Kursk vilayətində vəziyyəti sabitləşdirib və düşməni sərhədyanı ərazilərdən sıxışdırıb çıxarmağa başlayıb”: “Rusiya Silahlı Qüvvələrinin müqəddəs vəzifəsi düşməni Kursk vilayətindən qovmaq və vətəndaşları qorumaqdır. Kiyev Rusiyanı gərginləşdirməyə, əsəbiləşdirməyə, Donbasda hücumu dayandırmağa vadar etmək istəyirdi, amma heç nə alınmadı. Ukrayna Kursk vilayətinə hücum edərək digər istiqamətlərdə zəiflədi və Rusiya Silahlı Qüvvələrinin hücumu sürətləndi. Rusiyada daxili siyasi vəziyyəti silkələmək mümkün olmadı, cəmiyət birləşdi”.
Onun sözlərinə görə, “Ukrayna Silahlı Qüvvələrinin itkiləri cəbhənin çökməsi və döyüş effektivliyinin itirilməsinə gətirib çıxara bilər ki, Rusiyanın da əldə etməyə çalışdığı budur”.
O, qeyd edib ki, “düşmən həm canlı qüvvə, həm də texnika baxımından çox böyük itkilər verir”, Rusiyada isə guya Müdafiə Nazirliyi ilə müqavilə bağlayanların sayı artıb.
Daha sonra işğala məruz qoyduğu Ukraynanın rəhbərliyi barədə danışan Putin Kiyevə İstanbul danışıqlarını xatırladıb: “Məndə bəzən belə təəssürat yaranır ki, Ukraynanı idarə edənlər yadplanetlilərdir. Rusiya Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib, lakin “efemer tələblər” əsasında deyil, İstanbulda razılaşdırılmış parametrlər əsasında. Qərb və Kiyev Rusiya Federasiyasının strateji məğlubiyyətinə nail olmaq üçün İstanbul razılaşmalarından imtina etdilər, lakin buna nail ola bilmirlər”.
Göründüyü kimi, bir müddət əvvəl danışıqların şərti kimi Zaporojye, Xerson, və Donetsk vilayətlərinin Ukraynanın nəzarətində olan ərazilərini də Rusiyaya verməsi şərtini irəli sürən Putin, indi də İstanbul danışıqlarının parametrlərinə qayıtmağı təklif edir. Hansı ki, “İstanbul razılaşmaları” zamanı Rusiya bu vilayətləri rəsmən öz əraziləri elan etməmişdi və onların qalan hissələrini tələb etmirdi.
Göründüyü kimi, ortada ziddiyyət var. Lakin nəzərə alsaq ki, müharibə başlayandan bəri Putin başda olmaqla, Kreml bir neçə dəfə “xüsusi hərbi əməliyyat”ın gah hədəflərini, gah da danışıq şərtlərini dəyişib, o zaman Putinin növbəti qeyri-adekvat açıqlamasında qeyri-adi heç nə yoxdur…
Putin onu da deyib ki, Rusiya kiminlə mübarizə apardığını anlayır. Ona görə də Kiyevlə və Qərblə münaqişə tənzimlənərkən “işlək formalar və zəmanətlər axtaracaq”: “Rusiya Federasiyası hər zaman Ukraynada rus dilini və adət-ənənələrini müdafiə edən insanların maraqlarını qoruyacaq”.
Ukraynanın guya Kursk AES-ə zərbə endirmək istəməsilə bağlı yayılan şayiələrə münasibət bildirən Putin yenə Qərbi hədələyib və Rusiyanın buna eyni formada - “güzgü şəklində” cavab verəcəyini deyib: “Biz güzgü kimi cavab versək, bütün Avropada nə baş verəcəyini təsəvvür etmək olar”.
C.Məmmədov
“AzPolitika.info”