AZ

Rusiya-Ukrayna müharibəsi SONA ÇATIR? – Kulebanın istefasının SƏBƏBİ

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ötən gün istefa ərizəsini Ali Radaya təqdim edib. Bu barədə Ukrayna Parlamentinin spikeri Ruslan Stefançuk özünün “Facebook” hesabında məlumat yayaraq bildirib ki, istefa ərizəsinə yaxın plenar iclasların birində baxılacaq. Bundan əvvəl isə o bildirilmişdi ki, Ali Rada bir sıra nazirləri və Dövlət Əmlak Fondunun rəhbərini 4 sentyabrda işdən azad edəcək, təyinatlar 5 sentyabrda həyata keçiriləcək.

Lakin Ali Radanın bir neçə nazirin istefası ilə bağlı səsverməsi səs çatışmazlığı səbəbindən baş tutmayıb. Buna görə də, Kulebanın istefası məsələsinə baxılmayıb və iclas başa çatıb. Belə bir fonda Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini, əvvəllər prezident aparatında işləmiş Andrey Sibiqanın təyin olunmasını təklif edib. Bu barədə Ali Radada prezidentyönlü “Xalqın qulluqçusu” partiyasının fraksiyasının rəhbəri David Araxamiya özünün “Telegram” kanalında məlumat verib.

Maraqlıdır, müharibə aparan bir ölkənin ən mühüm postlarından birini tutan D.Kulebanın qəfil istefasının səbəbi nədir? V.Zelenski komandasındakı dəyişikliyi perspektivdə Rusiya ilə danışıqlara hazırlıq kimi qəbul etmək olarmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Ukraynadakı istefalarla bağlı hələlik nə isə demək çox çətindir.

Onun sözlərinə görə, bu barədə müxtəlif mülahizələr var: “Mülahizələrdən biri budur ki, güya müharibə tərəfdarı olan, müharibə prosesini idarə etmiş bir sıra nazirləri kənarlaşdırmaqla Volodimir Zelenski Rusiya ilə danışıqlara hazırlaşır. Amma belə ideanın arxasında real faktlar dayanmır. Reallıq bu gün ondan ibarətdir ki, Rusiya-Ukrayna arasında müharibə getdikcə həm coğrafi mənada genişlənməkdədir, həm də öz kəskinliyi, amansızlığı ilə güclənməkdədir. Yəni, biz görürük ki, bir tərəfdən Rusiya Dombasda irəliləməyə çalışır və müəyyən uğurlar əldə edir. Digər tərəfdən Ukrayna əvvəl Kursk istiqamətində xeyli əraziləri ələ keçirdi. İndi də Belqrad vilayəti istiqamətində əməliyyat cəhdləri görünür. Paralel olaraq, Rusiyanın enerji sektoruna sarsıdıcı zərbələr edirilir ki, bu, artıq Rusiyanın daxilində vəziyyətin dəyişməsinə öz təsirini göstərib. Məsələn, yanacaq qiymətləri artıb. Ordunun yanacaq və təchizatı çətinləşib. Burada müxtəlif versiyalar var, reallıq isə bunu göstərmir. Biz hələ müharibənin, döyüşlərin daha da şiddətlənməsinin şahidi oluruq. Bu şəraitdə danışıqlar prosesi mümkündürmü? Mənə elə gərkir ki, yox”.

Politoloqun qənaətincə, başqa bir versiya Ukraynanın əsas dəstəkçisi olan ABŞ Administrasiyasının guya seçkiqabağı belə bir sülhə və yaxud da atəşkəsə nail olmaq istəyidir ki, sonradan demokratlar bunu özlərinin hərbi diplomatik uğuru kimi təqdim etsinlər: “Bu da inandırıcı görünmür. Ən azı ona görə inandırıcı görünmür ki, bu gün ABŞ-nin mövcud Administrasiyası daha çox anti-Rusiya ritorikasının kəskinləşməsi ilə diqqət çəkir. Belə olan şəraitdə yenə də onu deməyə əsas yoxdur. Xarici işlər naziri Dmitri Kulebanın istefasının gündəmə gəlməsini Polşa ilə diplomatik qalmaqalla əlaqələndirirlər. Başqa versiyalar var ki, Ukrayna hakimiyyətinin daxilində ziddiyyətlər var. Gördüyümüz kimi, bir çox versiyalar var və çoxsaylı səbəblər göstərilir. Amma hələlik danışıqlar və ya atəşkəs məsələsi üfüqdə görünmür. Təbii ki, ilin sonunda nə isə ola bilər. Misal üçün, müəyyən bir müddətə atəşkəs yaradıla bilər. Amma dediyim kimi, onun üçün də əsas yoxdur”.

Ə.Oruclu deyib ki, hazırda Ukrayna hərbi sənayesini sürətlə inkişaf etdirir, Rusiyaya və ya əksinə endirilən zərbələrin amansızlığı artır: “Bəzən izah edirlər ki, belə hadisələr danışıqlar ərəfəsində olur. Daha çox divident əldə etmək üçün tərəflər bir-birinə qarşı təzyiqi gücləndirirlər. Amma danışıqlar prosesinin və yaxud atəşkəs prosesinin hələ görünən başqa əlamətləri yoxdur. Burada müəyyən vasitəçilər, diplomatik kontaktlar olmalı, hansısa bir qarşılıqlı mesajlar verilməlidir. Bunlar isə yoxdur. Mən düşünürəm ki, Ukraynada müəyyən mənada siyasi böhran baş verir. Hakimiyyət daxilində artıq oturuşmuş məmur ordusu var ki, onlar quruplaşıblar, öz aralarında mübarizəyə başlayıblar. Prezident Administrasiyasının rəhbəri Andriy Yermakın bu işdə neqativ olmasını söyləyirlər. Bir sıra mənbələr iddia edirlər ki, Yermak Rusiyanın adamıdır. Çox mübahisəli məqamlar var. Ona görə birmənalı fikir söyləmək çətindir. Düşünürəm ki, yaxın zamanda hansısa sülh danışıqları və yaxud atəşkəs danışıqları gözlənilmir”.

Nailə QASIMOVA

Seçilən
157
33
medianews.az

10Mənbələr