AZ

Saxta diplom və medal paylayanlar nəzarətə götürülməlidir

Milli məclisin bəzi komitə sədrlərinin də müxtəlif şəxsləri diplom və fəxri fərmanlarla təltif etdməsi nə dərəcədə düzgündür?

Xəbər verdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəyanat verib.

Bəyanatda deyilir ki, son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir.

Eyni zamanda qeyd edilir ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. 

Görünür ki, Vətən Müharibəsindən sonra bir sıra QHT və media qurumları tərəfindən öz fantaziyalarına uyğun medallar təsis olunur. Bunun geniş vüsət alması  isə ciddi qanun pozuntusudur. Orden və medallar dövlət tərəfindən təsis olunan, ayrı-ayrı şəxslərin Vətən, millət qarşısında xidmətlərinə görə verilən təltiflərdir. Bu cür qanunsuz hallar təkcə QHT sektorunda müşahidə edilmir. Eyni zamanda, digər strukturlarda da baş verir. Milli məclisin bəzi komitə sədrlərinin də müxtəlif şəxsləri diplom və fəxri fərmanlarla təltif etdiyini zaman-zaman müşahidə etmişik. Bəs bu cür halların baş verməsi nə dərəcədə düzgündür?

Daha ağır əməl isə bu cür “mükafat”, təşəkkürnamə, diplom, fəxri  fərmanların, medalların, döş nişanlarının maddiyyat və ya hər hansısa güzəştin əldə edilməsi müqabilində verilməsidir. Bu “mükafatları” pul alaraq verənlər, məhz hər hansı təşkilat və qurumun vəzifəli şəxsi kimi korrupsiya hüquqpozması törədirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 583-cü maddəsində ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdu. Düşünürük ki, bu cür hadisələrin baş verməsi ilə bağlı yayılan məlumatlar prokurorluq orqanları tərəfindən ciddi nəzarətə götürülməli və araşdırılmalıdır.

Yeniazerbaycan.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
yeniazerbaycan.com

1Mənbələr