AZ

Naftalanda yeni Müalicə Mərkəzi istifadəyə verilib

Naftalan şəhərində daha bir Müalicə mərkəzinin açılışı olub. “Nafta” Müalicə Mərkəzinin açılış tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini, Azərbaycan Turizm Bürosunun Sənayenin inkişafı departamentinin direktoru Aytən Əlizamanlı, ASK-nın vitse-prezidenti Vüqar Zeynallı, KOBİA-nın vitse-prezidenti Samir Hümbətov, DTA-nın Mədəni irs və regional turizm şöbəsinin sektor müdiri Rüstəm Mehtizadə, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, “ASAN Radio”nun direktoru Emin Musavi, Marsol MMC-nin direktoru Bilal Qasımlı, Araznet MMC-nin direktoru Mahir Əsgərov, “NAFTA” Müalicə Mərkəzinin təsisçisi Surxay Ələkbərov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Müalicə Mərkəzində yaradılan şəraitlə, turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.

Çıxış edənlər vurğulayıblar ki, iqtisadi islahatların aparılması paytaxt Bakı ilə yanaşı digər regionlarda da yerli və xarici investorların investisiya yatırması üçün əlverişli şərait yaradıb. Naftalanda daha bir Müalicə Mərkəzinin açılışı bir daha onu sübut edir ki, ölkə başçımız cənab İlham Əliyevin səyi ilə qeyri-neft sektoru da iqtisadiyyatın digər sahələri kimi inkişaf edir.        

Həmçinin, Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Hazırda Naftalanda 3-ü beş ulduzlu olmaqla, ümumilikdə 20-ə yaxın istirahət və müalicə mərkəzi fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, on mərtəbəli bu binada 164 yerlik olmaqla bütün zəruri avadanlıqla təchiz olunmuş 78 otaq var.

Qeyd edək ki, mərkəzdə 100-dən artıq işçi çalışır.

Seçilən
155
1
naftalan-ih.gov.az

2Mənbələr