“Hraparak” nəşrinin məqaləsində qeyd olunub ki, Ermənistanın BRİKS və MDB toplantısında iştirak edəcəyini açıqlaması onun Rusiya oxuna geri dönməsinin göstəricisidir.
Nəşr yazır ki, bəzi siyasi dairələr Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ilə bağlı Baş nazir Vladimir Putinna zəng etməsindən sonra onun ritorikası dəyişdiyini düşünür. Paşinyanla telefon danışığından sonra Putinin təkrar Bakıya zəngi,bundan bir neçə gün sonra isə demarkasiya komissiyaları arasında sənəd imzalanması diqqət çəkib. İrəvanın BRİKS və MBD toplantılarında iştirak qərarı verməsinin də Rusiya prezidentinin zəngi ilə əlaqəli olduğu bildirilir. Qeyd edək ki, BRİKS-in iclası oktyabrın 22-22-də Kazanda keçiriləcək.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Ermənistan onsuz da Rusiyanın orbitindən çıxmayıb:
“Sadəcə olaraq Ermənistan Rusiya ilə müəyyən məsafə saxlayır ki, bu da perspektivdə rəsmi İrəvanın xarici siyasət istiqamətini göstərir. Yəni Ermənistanda Qərbə inteqrasiya siyasətinə daha çox üstünlük verilir. Eyni zamanda, bu gün Nikol Paşinyanın Ermənistan ictimaiyyətində formalaşdırdığı ictimai rəyi də gözdən qaçırmaq olmaz. Digər tərəfdən Rusiyayönümlü qüvvələrə nisbətdə Nikol Paşinyana dəstək verən erməni cəmiyyəti bunu Rusiya ilə dostluq münasibətlərinə görə deyil, gələcək prespektivi Qərb dünyası ilə gördükləri üçün edirlər. Bu görüntünü isə Nikol Paşinyan və hökuməti ictimai rəydə yaradıb və hər addımda öz təsirini göstərir. Nikol Paşinyana qarşı may ayında başladılan Baqrat Qalstanyanın başlatdığı etiraz dalğasına nəzər yetirmək lazımdır. İctimaiyyətin böyük əksəriyyəti sözügedən prosesdə iştirak etmədilər. Çünki əksəriyyət Rusiyayönümlü revanşist qüvvələrin, yəni onilliklər ərzində Ermənistan hakimiyyətində olan və erməni xalqına divan tutan Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasını istəmirlər. Digər tərəfdən Ermənistan hökumətinin Avropa İttifaqına inteqrasiya siyasətinə də diqqət yetirmək lazımdır. Qərb dünyasında və Avropa Birliyində olan ləng davranışlar Ermənistanı qane etmir. Çünki Nikol Paşinyanın o qədər zamanı mövcud deyil. Bu baxımdan zaman-zaman Qərb dünyası və Avropa İttifaqını hərəkətə gətirmək üçün bu cür manevrlərdən istifadə olunur. Ermənistanın MDB-nin hansısa tədbirində iştirakı heç nə ifadə etmir. Çünki Ermənistan özünün iqtisadi təhlükəsizliyini təmin etmək üçün belə əlaqələrdə məcburiyyət qarşısında qalır. Həmçinin Ermənistan məhsullarının əsas bazarı Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrdir. Həmin ticarətin əhəmiyyətli hissəsi isə Rusiya ilə bağlıdır. Ona görə də Ermənistan məhsulları üçün indiki vəziyyətdə Avropada bazar yoxdur. Hətta Avropa bazarlarına çıxış üçün Ermənistan üzərinə standartlarla bağlı şərtlər qoyulub. Ermənistan məhsullarının keyfiyyətinə üstünlük verməlidir ki, bu da zaman və maliyyə tələb edən məsələdir. Sözügedən proseslər və digər sahələrdə təhlükəsizlik məsələləri təminat alana qədər Ermənistan Rusiya ilə belə davranmağa məcburdur”.
Ekspert qeyd edib ki, Bu gün BRİCS çiçəklənən bir təşkilatdır:
"Ümümdünya məhsullarının 37 faizini BRICS-ə üzv olan ölkələr istehsal edir. Yəni BRİCS-nin dünya miqyasında iştirakı çox əhəmiyyətlidir. Eyni zamanda, BRİCS yeni iqtisadi imkanlar və nəqliyyat kommunikasiya sistemləri deməkdir. Buna görə də Azərbaycan və Türkiyənin BRICS-ə üzv olmaqla bağlı qərarı Ermənistanı da vadar edir ki, həmin təşkilatla əlaqələrini tənzimləsin. Ermənistan hansısa tədbirdə iştirak etməklə BRİCS-nin tamhüquqlu üzvü olmur. Sadəcə olaraq Ermənistan rəhbərliyi BRİCS və MDB-nin tədbirlərində iştirak etməklə Qərbi qıcıqlandırmağa çalışır. Yəni Ermənistanı vaxtında maliyyə ilə dəstəkləməsəniz bizim üçün başqa alternativlər var mesajı verilir”.