Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə mərkəzin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub. Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb.
Bəs ötən illərdə rəqəmlər necə dəyişib? "Cebheinfo.az" bununla bağlı araşdırma hazırlayıb.
*2018-ci ilin yay mövsümündə nəzarətdə olan çimərliklərdə 199 nəfər suda boğulma təhlükəsilə üzləşib. Onlar xilas edilib. Bakı və Abşeron rayonu ərazisindən 185 nəfər, digərləri isə regionlarda xilas edilib. Həmin il nəzarətsiz ərazilərdə 48 nəfər suda boğulub. Onlardan 28 nəfəri Xəzər dənizində, səkkiz nəfəri süni göllərdə, səkkiz nəfəri çaylarda, iki nəfəri su anbarında, iki nəfər isə su kanalında boğulub.
*2019-cu il 42 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb. Qeyd olunan dövr ərzində 217 nəfər suda boğulmaqdan xilas edilib.
*2023-cü ildə Bakı və Abşeron rayonu ərazisindən 188 nəfər, çaylardan yeddi, su anbarlarından isə səkkiz nəfər xilas edilib. Həmin il nəzarətsiz ərazilərdə 68 nəfər suda boğulub. Onlardan 33 nəfəri Xəzər dənizində, 11 nəfəri süni göllərdə, 12 nəfəri çaylarda, beş nəfəri su anbarında, yeddisi su kanalında boğulub. Rəqəmlərə əsasən, bu il suda boğlanların sayı ötənilki rəqəmlərlə müqayisədə 2 dəfəyə yaxın, 5 il öncəki rəqəmlərlə müqayisədə 10 nəfər azdır.
Qeyd edək ki, suda batan şəxsə ilkin yardım üçün şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünü yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin üzü mütləq suyun səthindən yuxarıda olmalıdır. Belə halla qarşılaşdığınız anda təcili tibbi yardım xidmətinə məlumat verilməli, daha sonra isə zəruri ilkin yardım göstərilməlidir.
Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır.
Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.