"SOCAR Türkiyə" qrupuna aid Star neft emalı zavodu (NEZ) 5 sentyabrdan dayandırılaraq, texniki-profilaktika və modernizasiya işlərinə başlayır.
"İki sahil" bu barədə “SOCAR Türkiyə”yə istinadən xəbər verir.
Tədbir çərçivəsində zavodun bütün avadanlıqları yoxlanılacaq və təmir ediləcək. İşlər təxminən 2 ay davam edəcək və əsas məqsəd zavodun səmərəliliyini artırmaq, eləcə də, iş müddətini (texniki xidmətin və profilaktik işlərin arasındakı dövrlər) 4 ildən 5 ilə uzatmaqdır.
Hazırkı məlumata görə, 2024-cü il üçün Star NEZ Türkiyənin neft məhsullarına olan tələbatının təxminən 19,5 faizini ödəyir. Planlı dayandırılma və texniki xidmət zavodun istehsal gücünü 2,5 faiz artıracaq.
"SOCAR Türkiyə" təmir işlərini mütəxəssislər və beynəlxalq məsləhətçilərlə birlikdə planlaşdırıldığını bildirir. Həmçinin, "SOCAR Türkiyə"nin "Neft Emalı və Neftkimya Zavodu" işçiləri təhlükəsizlik və əməyin mühafizəsi üzrə ətraflı təlimlərdən keçiblər.
Texniki-profilaktika işlərinin başa çatması ilə ümumi iş vaxtının 3,2 milyon insan-saatına çatması planlaşdırılır.
Texniki-profilaktika və modernizasiya işləri şirkətin əməliyyat səmərəliliyini artıracaq, qabaqcıl texnologiyaları tətbiq edəcək və uzunmüddətli davamlı böyümə məqsədinə çatmaq üçün sərmayələrin artırılmasını təmin edəcək.