AZ

Türkiyədə hökumətin üçillik iqtisadi proqramı açıqlanıb

Türkiyədə

Ankara, 5 sentyabr, AZƏRTAC

Türkiyə hökuməti iqtisadi artım tempinin davam etməsi, məşğulluğun artırılması, maliyyə və qiymət sabitliyinin təmini məsələlərinə diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada hökumətin 2025-2027-ci illər üçün ortamüddətli iqtisadi Proqramının çərçivələri və məqsədləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin yeni ortamüddətli iqtisadi Proqramında atılacaq addımların dəqiq siyahısı və qarşıdakı 3 il üçün Tədbirlər Planı var: “Proqram artıq Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və qüvvəyə minib. Onun mətni rəsmi hökumət qəzeti “Resmi Gazete”də dərc olunub”.

Vitse-prezident ölkədəki müsbət makroiqtisadi göstəricilərə və inflyasiyanın aşağı düşməsinə diqqət çəkərək Türkiyə hökumətinin hazırkı proqramı çərçivəsində 36 addımdan 24-nün uğurla başa çatdırıldığını diqqətə çatdırıb.

“Bu ilin iyun ayından etibarən Türkiyədə inflyasiya 23,5 faiz azalıb. Məqsədimiz inflyasiyanı təkrəqəmli səviyyəyə çatdırmaqdır”, -deyə Yılmaz bildirib.

Siyasətçi diqqəti milli valyutada bank investisiyalarının artımında əks olunan türk lirəsinə inamın güclənməsinə də çəkib: “Türkiyənin beynəlxalq ehtiyatları 23 avqust 2024-cü il tarixində 150,4 milyard dollara çatıb, halbuki 26 may 2023-cü ildə bu rəqəm 98,5 milyard dollar olub”.

Vitse-prezident Türkiyə iqtisadiyyatı ilə bağlı 2027-ci ilin sonuna qədər olan dövr üçün artım proqnozlarını da açıqlayıb: “Hesablamalara görə, bu ilin sonunda Türkiyənin ÜDM artımı 3,5 faiz, 2025-ci ildə 5 faiz, 2026-cı ildə 4,5 faiz, 2027-ci ildə isə 5 faiz olacaqdır”.

Onun sözlərinə görə, hökumət, həmçinin 2024-cü ildə adambaşına düşən ÜDM-in 15 551 dollar, 2025-ci ildə 17 028 dollar, 2026-cı ildə 18 990 dollar, 2027-ci ildə 20 420 dollar məbləğində olmasını hədəfləyir: “Eyni zamanda, cari il üçün işsizlik səviyyəsi 9,3 faiz olacaq. 2025-ci ildə işsizlik 9,6 faiz təşkil edəcək, 2026-cı ildə 9,2 faizə, 2027-ci ildə 8,8 faizə enəcək”.

“Hökumətin növbəti ortamüddətli iqtisadi Proqramının nəticələrinə görə, Türkiyə iqtisadiyyatının həcmi 1 trilyon 774 milyard dollara çatacaq. Türkiyənin ixrac həcmi 320 milyard dollara yüksələcək”, - deyə Cevdet Yılmaz bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
62
20
azertag.az

10Mənbələr