Bütün dünyaya məlum olan fakt ondan ibarətdir ki, bugünkü güclü və qüdrətli Azərbaycan dövləti bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin qurub yaratdığı və Fateh Sərkərdə, Prezident İlham Əliyevin qətiyyətlə və əminliklə inkişaf etdirdiyi dövlətdir. Zamanında Dahi Öndərimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” tarixi kəlamı öz real təsdiqini tapmaqdadır. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyev və Fateh Sərkərdə, Prezident İlham Əliyev siyasəti nəticəsində dünyaya günəş kimi işıq saçır, bəşəriyyətin ən güclü, inkişaf edən dövləti olduğunu nümayiş etdirir. Uğurlara və böyük nailiyyətlər isə hələ öndədir. Çünki işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq, bərpa, tikinti işləri aparılır və insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Xoşbəxt xalqıq, həm də qürurluyuq. 30 il işğal altında olmuş torpaqlarımızı 44 günlük Vətən müharibəsi ilə azad etməklə dünyanın ən böyük xalqlarından olduğunu göstərdik. Dünya hərb tarixində görünməyib ki, qısa müddətdə hansısa ordu geniş coğrafi ərazidə uğurlu hərbi əməliyyatlar keçirib, düşmənin hərbi silah-sursatını, canlı qüvvəsini məhv edib böyük zəfərə imza atsın. Azərbaycan ordusu, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə özlərini qüdrətli sərkərdə, məğlubedilməz ordu kimi təqdim edən ordunun bacarmadığını 44 günlük Vətən Müharibəsində reallaşdırdı. 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı sayılan Şuşa şəhəri daxili olmaqla Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan və digər rayonlarını, o cümlədən Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini və ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Şuşanın azadlığı ermənilərin ağ bayraq qaldırması ilə nəticələndi
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib. Yəni Ermənistan Azərbaycan ordusunun surətli hücumu qarşısında duruş gətirməyəcəyini başa düşərək ağ bayraq qaldırıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Üçtərəfli Bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti, fateh Sərkərdə İlham Əliyev qalib Azərbaycan xalqına müraciət edib. Ali Baş Komandan müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Prezident İlham Əliyev onu da bildirib ki, hərbi mərhələ başa çatıb: “Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.
Prezident İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını da vurğulayıb: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi....Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.
Qarabağda separatizmin ləğv edilməsi
Ermənistanın məğlubiyyətindən sonra hesab etmək olar ki, bölgəyə sülh gələcək, separatizmə, terrora son qoyulacaq. Lakin Ermənistandakı revanşist qüvvələr, o cümlədən 30 il ərzində Ermənistanın hakim rejiminə hərbi, siyasi, maliyyə yardımları göstərən xarici qüvvələr regionda sabitliyin yaranmasına imkan vermədilər. Məhz Ermənistana göstərilən siyasi hərbi, dəstək nəticəsində Azərbaycanın sərhəd bölgələrində ardıcıl erməni təxribatlar baş verdi. Baxmayaraq ki, 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. İşçi qrupunun vəzifəsi bölgədə sabitliyə nail olunması və sərhədlərin delmitasiyasını həyata keçirmək idi. 2022-ci ilin sentyabrında erməni terror dəstələri Azərbaycanın sərhəd bölgəsinə xain hücum təşkil etdilər. Lakin Azərbaycan ordusu hücumun qarşısını alaraq yüzlərlə ermənini məhv etdi, çoxsaylı hərbi texnikanı sıradan çıxartdı. İrəvandakı hakim rejimin tapşırığı ilə Qarabağdakı erməni separatçıları ara-sıra ordumuza qarşı terror əməllərinə cəhdlər göstərirdilər. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Qarabağdakı erməni separatçılarına silahı yerə qoymaq və təslim olunmaları üçün xəbərdarlıqların edilməsinə baxmayaraq nəticə olmadı. Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digər separatçılar ordumuza və mülki əhaliyə qarşı terror əməllərini həyat keçirirdilər. “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə separatçılar üçün dərs olmadı. Əksinə, xarici güclərə arxalanaraq humanitaryönlü “Laçın” yolundan hərbi yüklərin daşınmasını təşkil edir, mülki insanlarımıza atəş açırdılar. Təbii ki, separatizm uzun çəkə bilməzdi. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bununla da separatçılara Ermənistandan silah-sursat daşınmasının qarşısı alındı. Lakin Xankəndidəki terrorçu dəstə hərəkətə keçərək ordumuza qarşı açıq terror aktları həyata keçirməyə cəhd göstərdi. Bu zaman Azərbaycan sərt cəza tədbirləri həyata keçirməyə məcbur oldu.
23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi
2023-cü il sentyabrın 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi. Separatçıların əsas başçıları isə hüquq –mühafizə orqanları tərəfindən həbs edilərək ordumuz istintaqa təhvil verildi. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Artıq Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digərləri məhkəməyə çıxmağa hazırlaşırlar. Bununla bağlı mətbuata açıqlamasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, həmən şəxslərin istintaqı artıq yekunlaşıb və yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq: “Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.
Azərbaycan antiterror tədbirlərinə start verərkən tamamilə beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də ölkəmizin Konstitusiyasına arxalanmışdır. Qanunlara görə, ölkə daxilində ərazilərin bölünməsinə, terror aktlarına cəhdlər qatı cinayət hesab olunur. Cinayətkar isə heç bir halda cəzasız qala bilməz. Azərbaycan lokal antiterror tədbirləri ilə separatçıları zərərsizləşdirməyə nail oldu. Cəmi 23 saat çəkən əməliyyatın gedişində separatçılar və onların əlaltıları sağ qalmaq üçün ağ bayraq qaldırdılar. Onlar Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılmasını yalvardılar. 23 saatlıq lokal antiterror əməliyyatlarının nəticələri aşağıdakı kimidir:
- Separatçılar təslim oldular;
- 90-dan artıq döyüş mövqeyi Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb;
- Xuntanın buraxıldığı elan edildi;
Bundan sonra Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması prosesi başlanıldı. Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında 21 sentyabr tarixində Yevlax şəhərində keçirilən görüşdə qondarma rejimin buraxılması qeyd olundu və az sonra vəd yerinə yetirildi. Terrorçu rejimin buraxılması ilə ermənilər bölgəni tərk etməyə başladılar. Bu gün işğaldan azad edilən ərazilərimiz sakit və rahat nəfəs alır. Çünki 30 ildən sonra bölgəyə o yerlərin əsl sahibləri qayıdıb. Minlərlə keçmiş məcburi köçkün dövlətin hazırladığı və çox böyük uğurla həyata keçirdiyi “Böyük Qayıdış” Proqramının icrasına uyğun olaraq Şuşaya, Xocalıya, Laçına, Füzuliyə, Ağalı, Talış, Zabux və digər bərpa edilən yurd yerlərinə qayıdırlar.
İLHAM ƏLİYEV