“Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik-qarşılıqlı prinsiplər əsasında inkişaf etməkdədir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dinamik inkişaf edən münasibətlərdir:
"Müvafiq olaraq Azərbaycan və Rusiya arasında həm də iqtisadi əməkdaşlıq da ilbəil sürətlə inkişaf etməkdədir. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artmaqda, 4,5 milyard dollara çatmaqdadır. Cənubi Qafqaz regionu özünün strateji əhəmiyyəti ilə seçilir. Sözsüz ki, region ölkələri Cənubi Qafqaz bölgəsində səmərəli əməkdaşlıq platformasının qurulmasında və etibarlı təhlükəsizlik mühitinin olmasında hər zaman maraqlıdırlar. O mənada Azərbaycan-Rusiya münasibətləri təsirli amil rolunda çıxış edir”.
Müsahibimiz xatırladıb ki, Azərbaycan Prezidenti apreldə Rusiyada səfərdə olarkən, eyni zamanda Sergey Şoyqunun Bakıya səfəri zamanı vurğulandı ki, Azərbaycan-Rusiya münasibətlərinin xarakteri Cənubi Qafqazda, daha böyük coğrafiyada təsirli amil rolunda çıxış edir. Ölkə prezidenti də vurğulamışdı ki, Azərbaycan-Rusiya münasibətləri regionda təhlükəsizliyin təmin olunması üçün önəmli faktordur:
“Bu, olduqca əhəmiyyətli yanaşmadır. Həqiqətən də Cənubi Qafqazın ən təsirli ölkələri Azərbaycan və Rusiyadır".
Həmsöhbətimiz vurğulayıb ki, prezidentin uzaqgörən siyasəti nəticəsində bölgədə yeni geosiyasi konfiqurasiya formalaşıb:
"Regionda təhlükəsizlik mühiti yeniləndi. Cənubi Qafqaz regionu özünün yüksək münaqişə potensialı ilə səciyyələnirdi. Uzun müddət bölgədə münaqişənin tənzimlənməsi ilə yox, onun idarə olunması ilə məşğul olunub. ATƏT-in Minsk qrupu ilə 30 ilə yaxın müddətdə münaqişə vəziyyətinin aradan qalxması üçün deyil, əksinə davamlı qalmasına çalışıb. Məqsəd ondan ibarət idi ki, münaqişə amili regonda davamlı saxlanılsın, bölgəyə müdaxilə imkanları qalsın. Fransa və ABŞ keçmiş münaqişə vəziyyətində də Ermənistana dəstək verirdilər. Separatçı rejimin ofisi ABŞ-də fəaliyyət göstərirdi. Fransa rəsmiləri Bakının izni olmadan separatçılarla ünsiyyətdə olur, Qarabağa qanunsuz səfərlər edirdilər”.
Elşad Mirbəşiroğlu: Cənubi Qafqazın ən təsirli ölkələri Azərbaycan və Rusiyadır
“Artıq geosiyasi reallıq tamam dəyişib” deyən E.Mirbəşiroğlu bildirib ki, Azərbaycanla Rusiya qonşu və dost ölkələr olmaqla Cənubi Qafqazda sülhün, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasında maraqlıdırlar:
“Kommunikasiyaların açılması məsələsində də iki ölkənin maraqları üst-üstə düşür. Azərbaycanın yanaşması ondan ibarət olub ki, bölgədə iqtisadi layihələr həyata keçirilməli, kommunikasiyalar açılmalıdır".
Aydın Baxış