AZ

Gəncə-Daşkəsən regionu təhsil işçilərinin sentyabr konfransı keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil işçilərinin ənənəvi sentyabr konfransı baş tutub.

Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və digər rəsmi şəxslər, həmçinin müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Konfransdan öncə STEAM və Peşə təmayüllü siniflərin şagirdlərinin hazırladığı təqdimatlar izlənilib, şagirdlərin əl işlərindən ibarət sərgiyə və məktəblilərin idman üzrə əldə etdikləri nailiyyətlərə baxış keçirilib.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, bugün ölkəmizdə bütün sahələrdə sürətli inkişaf nəzərə çarpır. Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gəncə şəhərində də təhsil mühitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Şəhər rəhbəri qarşıdan gələn yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Anar Qədiməliyev növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.

Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Konfrans iştirakçıları həmçinin, şagird qiymətləndirilməsi, statistik göstəricilər, 4-6-cı sinif şagirdlərinin monitorinqindən çıxan nəticələr, olimpiada və digər müsabiqələrin nəticələri, növbəti tədris ili ərzində nəzərdə tutulan layihələr barədə məlumatlandırılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
apa.az

1Mənbələr