AZ

Müharibədə növbəti əks-hücum PROQNOZU – Ukrayna nələri itirəcək?

“Qərbin yardımları artmayacağı təqdirdə, Rusiya öz istəyinə nail olacaq. Bu da Azərbaycan daxil olmaqla ətraf dövlətlərə müəyyən problemlər deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər durmadan daha da gərginləşən Rusiya-Ukrayna müharibəsinin perspektivlərindən danışan politoloq Abutalıb Səmədov deyib.


Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə sonlanması, yaxud daha da uzun müddət davam etməsi üçün qərarı yalnız ABŞ verir.

“Əgər ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Tramp yenidən qalib gəlsə və öz sülh planını reallaşdırmağa çalışsa, bu ilin sonunda sülh sazişi mümkün ola bilər. Ancaq bəllidir ki, saziş heç də Ukraynanın xeyrinə bağlanmayacaq. Eyni zamanda, işğalda olan ərazilər də böyük ehtimalla qaytarılmayacaq”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, Kamala Harris seçilərsə tutduğu istiqamətdən çox şey asılı olacaq.

“Yardımları artırsa və müttəfiqləri daha da fəallaşdırarsa, Ukrayna növbəti ildə əks-hücuma başlayacaq. Nəticədə ərazilərinin bir hissəsini azad edərək, əlverişli sülhü təmin edəcək. Ancaq indiki dövrdə həmin yardımlar yoxdur. Nə keçən il ciddi uğur əldə olundu, nə də bu il.

Hələlik müharibədə Rusiya üstünlüyü əlində saxlayıb. Qərbin yardımları artmayacağı təqdirdə, Rusiya öz istəyinə nail olacaq. Bu da Azərbaycan daxil olmaqla ətraf dövlətlərə müəyyən problemlər deməkdir. Qərb yardımlarını artıraraq Ukraynanın ciddi uğurlarına zəmin yaratmalıdır. Nəticədə Rusiya bir daha qonşu ərazini tutmaq fikrinə düşməyəcək”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Seçilən
138
yenicag.az

1Mənbələr