AZ

Ekspert: Valideynlərin böyük əksəriyyəti istəyir ki, övladı rus bölməsində təhsil alsın

Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.   
 
Elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.  
 
Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibələr 7–30 may tarixlərində keçiriləcək. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 12 iyun–13 sentyabr tarixlərində məktəb və müəllim seçimi edə biləcəklər. 
Birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.

Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, 1 ci siniflərin qəbul hazırlığı tam qaydasında gedir:

“Bu sahədə hər hansı bir narazılıq yaşanmır. Sadəcə bəzi hallarda valideynlər narahatlıq yaradırlar. Yəni yaşadıqları yerdə olan məktəblərə deyil, uzaq ərazidə olanlara seçim edirlər. Belə olan halda da seçimlər müsbət nəticələnmir. Ümumiyyətlə sagirdlər faktiki yaşadığı ünvan ərazisində məktəblər varsa ora sorğunu göndərir və həmin ərazidə də qəbul olunurlar. Digər problem isə, rus bölmələrindədir. Təbii ki, valideynlərin böyük əksəriyyəti istəyir ki, övladı rus bölməsində təhsil alsın. Ancaq ya yaşadığı ərazinin məktəbində rus bölməsi olmur, ya da uzaq ərazidə rus bölməsindən imtahan verib qəbul olan uşaqlar yeri doldururlar. YTəni müsahibə mərhələsini keçən uşaqlar qəbul olur digərləri isə kənarda qalırlar. Dəfələrlə çağırış edirik, rus bölməsində yalnız slavyan xalqlarına aid olan şəxslərin övladları təhsil alsın. Ata da, ana da Azərbaycan dilində danışırlarsa, uşağı rus bölməsinə qoymağın mənası yoxdur. Çünki uşaq o zaman çox əziyyət çəkir. Bu şagirdin ümumi qiymətlərinə də təsir etmiş olur. Yaxşı olar ki, valideynlər ilk növbədə Azərbaycan bölməsinə üstünlük versinlər. Ümumiyyətlə qəbul şəffaf bir sistemdir”.
Seçilən
163
sherg.az

1Mənbələr