AZ

İtaliya-Azərbaycan hərbi əməkdaşlığında yeni səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər edib. Səfər zamanı bir çox mövzuda müzakirələrin aparılacağı gözlənilir.

 

Maraqlıdır ki, səfərdən bir neçə gün əvvəl, sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançesko ilə görüşüb. 2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub.

 

Azərbaycanla İtaliya arasında iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq var. Azərbaycan bu ölkədən hərbi təyyarələr alır. 

 

Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İtaliya Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşıdır:

 

"Azərbaycanla İtaliya arasında bir çox sahələrdə, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və müdafiə sənayesində uğurlu əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanla İtaliya arasında münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. İtaliya həm Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, həm də SOCAR-la kifayət qədər uğurlu əməkdaşlıq edir".

Hərbi ekspert vurğulayıb ki, Prezidentin İtaliya səfəri əməkdaşlıqda yeni səhifə açacaq:

 

"Cənab Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də bu əməkdaşlığın yeni səhifəsinin açılması ilə nəticələnəcək. Azərbaycan İtaliyadan zəruri hesab etdiyi vasitələri daim rahatlıqla əldə etmək imkanına malik olub. Hesab edirəm ki, bu dəfə də Azərbaycan üçün zəruri olan və müdafiə xarakterli vasitələrin həm əldə edilməsi, həm də birgə istehsalı istiqamətində fəaliyyətlər həyata keçiriləcək".

Seçilən
101
50
modern.az

10Mənbələr