AZ

Elm xadimi millət vəkili oldu

1 sentyabr  2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi  Rövşən Muradov qalib olub.

121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının qalib olan namizədi  Rövşən Muradov kimdir?

 XALQ.AZ xəbər verir ki, professor Muradov Rövşən Şahbaz oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) İqtisadiyyat İnstitutunun əyani aspiranturasına qəbul olub və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirib.

1993-cü ilin avqustunda gənc mütəxəssis olaraq İqtisad Universitetinin Sosioloji elmi tədqiqatlar laboratoriyasına kiçik elmi işçi kimi işə qəbul edilib. 1994-cü il sentyabrın 28-də köçürmə yolu ilə Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisinin) İqtisadi siyasət daimi komissiyasına (indiki Komitəsinə) ekspert vəzifəsinə təyin edilib. Həmin ildən Ali Sovetin Katibliyində, Milli Məclisin Aparatında müxtəlif məsul vəzifələrdə: məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini-sektor müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 2978 nömrəli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin “İnzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında” 2015-ci il 17 iyun tarixli 1275 nömrəli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.2 yanvar 2004-cü ildən AMEA-nın İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı” şöbəsində əvvəlcə 0,5 ştat əvəzçiliklə aparıcı elmi işçi,1 noyabr 2013-cü ildən 1 mart 2016-cı il tarixinədək isə baş elmi işçi vəzifəsində işləyib.

 

Rövşən Muradov əslən Laçın rayonunun Xumarta kəndindən olan AMEA-nın müxbir üzvü Şahbaz Muradovun oğludur.

R Muradov UNEC-in “Menecment” kafedrasının  professorudur. 4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir.Ailəlidir, iki övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
xalq.az

1Mənbələr