Ankara, 5 sentyabr, AZƏRTAC
Oktyabrın 23-25-də İrəvanda keçiriləcək 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələrə həsr olunmuş konfrans Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına daha bir əngəl olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Hazel Çağan Elbir ifadə edib.
Onun sözlərinə görə, belə bir tədbirin keçirilməsi təşəbbüsünün özü də konfrans təşkilatçılarının regionda sülh və sabitliyə töhfə verməkdən nə qədər uzaq olduğunu göstərir. “İrəvanda keçiriləcək konfrans Türkiyə ilə bağlı tarixi həqiqətlərlə heç bir əlaqəsi olmayan yalanların təbliğatının daha bir həlqəsidir. Əllərində onlarla türk diplomatın qanı olan ASALA və JCAG iştirakçıları da daxil olmaqla, erməni terrorçularının əməllərinə haqq qazandırmaq üçün yeni cəhdlər göstəriləcək”, -deyə AVİM eksperti qeyd edib.
Elbir Fransanın Puatye Universitetinin konfransın təşkilatçıları arasında olmasına da diqqət çəkib. “Əlbəttə, xarici universitetlərin tarixi hadisə və prosesləri araşdırmaq hüququ var, lakin söz azadlığı ilə saxta təbliğatı bir-birindən ayıran incə xətti xatırlamaq lazımdır”, -deyə türkiyəli ekspert vurğulayıb.
Ekspert Osmanlı dövlətinin tarixinin heç bir mərhələsində ermənilərin ayrı-seçkiliklə üzləşdiyinə dair hər hansı sübutun olmadığını vurğulayıb. O qeyd edib: “Həmin iddialar bunun əksinin iddia edən bütün məqalə və bəyanatların müəlliflərinin təxəyyülün məhsuludur. Buna baxmayaraq, nüfuzlu universitetlər dəfələrlə tarixi faktlarla heç bir əlaqəsi olmayan təhrif olunmuş sənədlər dərc ediblər”.
Elbirin sözlərinə görə, Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinin əleyhdarları erməniləri öz tərəfinə çəkməyə çalışıblar və bu məqsədlə missionerlərdən, eləcə də çar Rusiyasının rıçaqlarından istifadə ediblər: “Həmin dövrdə erməni quldur dəstələri ermənilərin özlərini terrora məruz qoyub, onlarla eyni kökdən olan insanları məhv ediblər. Anadoluda Osmanlı dövlətinə dəstək verən erməniləri belə çəkinmədən öldürürdülər”.
“Bu gün Türkiyənin düşmənləri hesab edirlər ki, ölkəmiz haqqında nə qədər ağ yalanlar yaysalar, bir o qədər çox insan buna inanacaq”, - deyən ekspert qeyd edib ki, Ankara ilə əlaqələrin sürətlə qurulması, ilk növbədə, İrəvanın özünün maraqlarına cavab verir və bu kimi tədbirlər, o cümlədən oktyabrda keçiriləcək konfrans iki ölkənin yaxınlaşmasına vurulan zərbədir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara