AZ

Ruslan Nurullayev: “Göz yaşlarıma hakim ola bilmədim”

“Bu yarışa qızıl medal üçün getmişdim”.

Bunu İdman.bizə Azərbaycanın U-20 millisinin yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) deyib.

O, İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatındakı çıxışını dəyərləndirib.

Bürünc medal mükafatçısı ilboyu bu yarışa hazırlaşdığını deyib: “Amma qızıl medal qismət olmadı. Düşünürəm ki, qarşıdan gələn U-23 dünya çempionatında öz istəyimi reallaşdıracam. Bu yarışa çox yaxşı formada hazırlaşmışdıq. Bir çox təlim-məşq toplanışlarında olub, hər gün məşqlər edirdik. Hətta qida rasionumuza belə xüsusilə yanaşırdıq. Lakin yarımfinalda taktikanı səhv qurmağım və hakimlərin haqsızlığı öz sözünü dedi. Üçüncü yer üçün də çox gərgin mübarizə keçdi. Çox rahat uda bilərdim. Lakin yarımfinaldakı gözlənilməz nəticə məni üzmüşdü. Müəllimlərim sağolsun ki, verdikləri dəstək mənə motivasiya oldu. Görüşdən sonra gözyaşlarıma qarşı gələ bilmədim. Bunun da öz səbəbi var ki, istədiyim medala sahib ola bilməmişdim. Amma sevindirici haldır ki, Vətənə medalsız qayıtmıram”.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
idman.biz

1Mənbələr