Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Sherg.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Kazımov Rauf Cəfəroviçin ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Kazımov Rauf Cəfəroviçin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a açıqlamasında deyib ki, ara-sıra Gürcüstanın müvafiq qurumlarının Azərbaycan və digər ölkərin miqrantları üçün sərt qərar verdiklərini eşidirik:
“Ancaq bu kütləvi formada olmur. Çünki Gürcüstanın iqtisadiyyatı əsasən turizmdən gələn gəlir vasitəsilə formalaşır. Düşünmürəm ki, hər hansı formada Gürcüstan hökuməti ayrıseçkiliyə yol versin.Ola bilər ki, bu informasiyanı hansısa vədlə daxil ediblər ki, iki dövlət arasında gərginliyə səbəb olan vəziyyət yaransın. Zaman zaman bu tipli informasiyaları dövriyyəyə buraxırlar. Ona görə də məlumatın kökünü araşdırmaq lazımdır. Əgər Gürcüstan hökuməti çıxarılma barədə qərar qəbul edibsə, düşünürəm ki, bunun ciddi əsasları var. Dövlət turizmdən nə qədər gəlir əldə etmək istəyində olsa belə, qanun qanundur. Miqrasiya qaydalarının pozulma halı varsa, müvafiq qaydada cəzalandırılır. Gürcüstanla Azərbaycan arasında kifayət qədər intensiv miqrasiya mübadiləsi mövcuddur. Pandemiya dönəmində quru sərhədlərinin bağlı olması və bu günə qədər prosesin davam etməsi fonunda iki dövlət arasında miqrasiya mübadiləsi daha çox hava yolları ilə həyata keçirilir. Bu elə də miqrant axınına səbəb olmur. Pandemiyaya qədər daha yüksək göstəricilər olub. Lakin son iki üç il ərzində statistikanın artdığınının şahidi oluruq. Nə qədər miqrasiya mübadiləsinin göstəricilərinin həcmi artarsa, bir o qədərdə qeyri qanuni miqrant qismində ölkə ərazisində yaşamaq niyyətində olan insanların sayında artım ola bilər. Bu isə həmin dövlətin miqrantlarla bağlı sərt qərarların qəbul olunmasına gətirib çıxarır. Düşünürəm ki, bu hal həmin vəziyyətlərdən biri ola bilər. İnanmıram ki, bu kütləvidir. Bizim diaspor təşkilatları, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyi bu məsələni xüsusi nəzarərə götürməlidir”.