AZ

Vətən fədakarları…

Hadisələr və zaman şəraitdən asılı olmayaraq xalqa əzvəzsiz insanlar, dahi şəxsiyyətlər, qəhrəmanlar yetişdirir. Məhz belə insanlar vətən, üçün fədakar olub, xalqın rifahı naminə xidmət edib, onu gələcəyi üçün çalışıblar. Taleyüklü məsələlərin həllində xüsusi rol oynayan mərd, cəsarətli insanlar xalqın yaddaşında qəhrəman kimi qalıblar. Əmiraslan Əliyev və Rövşən Əliyev də həmin qəhrəmanlardan olub xalqın qəlbində əbədi yaşarlıq qazanıblar.



Azərbaycanın Milli Qəhrəmanı adını qazanan Əmiraslan Rza oğlu Əliyev 1960-cı ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbdə başa vuran Əmiraslan sonra,  Naxçıvan Şərabçılıq zavodunda əmək fəaliyyətinə başlayır. İki il burada fəhlə işləyən qəhrəman əsgəri xidməti üçün xidmətə çağrılır. SSRİ Silahlı Qüvvələrində xidmət edən Əmiraslan əvvəlcə Ukrayna Respublikasında, sonra isə Polşaya göndərilərək hərbi xidmətinə davam etdirir. Ordu sıralarından təxris olunan Əmiraslan Əliyev Naxçıvan şəhərinə qayıdıb, Şüşə Qablar zavodunda və Vayxır Su-Tikinti İdarəsində  bir müddət fəhlə işləyir. Bu illər ərzində ali təhsil almaq üçün hazırlaşan qəhrəman Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olaraq təhsil alır. Ali təhsilini başa vuran Əmiraslan Əliyev  1992-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmətə başlayır. Bir sıra məsul vəzifələrdə çalışan qəhrəman ən çətin tapşırıqların öhtəsindən gəlməklə bərabər, nümunəvi xidməti ilə baş leytenant rütbəsinəcən yüksəlir. Zabit kimi o, xidmət etdiyi sərhəd bölgələrində nizam-intizam və ciddi qayda-qanun yaradılmasına nail olur. Əmiraslan qüsursuz xidmətinə görə hərbi hissə tərəfindən fəxri fərmanla təltif olunur. Qəhrəmanın daha böyük xidmətlərindən biri də 1995-ci ildə bir qrup qiyamçının dövlət çevrilişinə cəhdinin qarşısının alınması idi. Mart ayının 17-də tərkibində olduğu bölüklə qiyamı yatırmaq üçün şücaətlər göstərən baş leytenant Əmiraslan Əliyev silahlı qarşıdurmanın qarşısını alarkən aldığı güllə yarasından ali məqama yüksəlir. O, Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn olunur.
Ölkənin müstəqilliyi uğrunda rəşadət göstərən baş leytenant Əmiraslan Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Qəhrəmanın xatirəsi xalqımız və dövlətimiz tərəfindən əziz tutularaq "N" sərhəd məntəqəsinə adı verilib, zastavada "Xatirə otağı" açılıb və büstü qoyulubdur. 
İgidliyi ilə gənclərə əsl nümunə olan qəhrəmanlardan biri də Rövşən Əliyevdir. O, vətəninə və millətinə bəslədiyi sevgisi ilə xalqının qürur duyduğu oğullardan olub.  1972-ci ildə Bakı şəhərində anadan olan Rövşən orta təhsilini Xətai rayonu 254 saylı orta məktəbdə başa vurub elə həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun Maşınqayırma fakültəsinə qəbul olur. Tələbə olduğu dövrdə Bakıda baş verən Qanlı Yanvar faciəsindən düşmənlərə nifrət bəsləyən Rövşən həmin gecəni heç cür unuda bilmir. “Xalqının başına açılan bu müsibətə görə düşmənə layiqli cavab verilməlidir. Mən torpqalarımızı müdafə edib, düşmənlə son damla qanıma kimi vuruşacağam”,- deyib, təhsilini yarım qoyaraq könüllü orduya yazılır. Qəhrəman Ağdamda yaradılan milli müdafiə taborun tərkibində döyüşlərə qatılır. O, Sırxavənd, Qazançı kəndlərinin azadlığı uğrunda mübarizə aparır. Verilən bütün döyüş tapşırıqlarının öhtəsindən gələn Rövşən “Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır”- tapşırığını da peşəkarlıqla yerinə yetirməyi bacarır. 1992-ci ilin may ayında döyüşçülərimizi Xocalının Dəhraz kəndindən çıxarmaq istəyən düşmən Abdal kəndinə hücuma keçir. Həmin an köməyə gələn Rövşən və döyüşçü yoldaşları düşmən hücumunun qarşısını almaqla bərabər, onları geri çəkilməyə məcbur edirlər. Bir ay sonra yenidən Dəhraz kəndinə hücuma keçən düşmən böyük qüvvə ilə Rövşən və silahdaşlarını mühasirəyə alır. Güclü qarşıdurma nəticəsində yarlı döyüş yoldaşlarını xilas edən qəhrəman komandirini xilas edən zaman  başından ağır yaralanır. Qəhrəmanın son şücaəti ilə yoldaşları xilas olsa da, özü xilas ola bilmir. O, gözlərini həyata əbədi yumur. Rövşən Əliyev Bakı şəhər şəhidlər xiyabanında dəfn olunur. 
Qəhrəmanın vətən torpaqlarının müdafiəsində göstərdiyi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Həmçinin adı ədədiləşdirilərək vaxtı ilə təhsil aldığı 254 saylı məktəbə verilir.
Qeyd edək ki, tarix ədalətli dövr edir… Bir zamanlar haqq yolu tutub vətəni qoruyan oğullarımızın qisası yerdə qalmadı. Ruhunuz şad olsun, qəhrəmanlar! 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bir daha ədalətin, haqqın yolunu tutaraq Zəfəri qazandırmaqla qalmadı, bütün haqqı tapdalanan döyüşçü və dinc əhalinin də qisasını aldı. 
Səriyyə Salahova 
Naxçıvan televiziyasının əməkdaşı
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
nuhcixan.az

1Mənbələr