AZ

Mətbuat prospektində velosiped zolaqlarının yanında park yerləri- narazılıq var....

Image

Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb. Qeyd olunub ki, Mətbuat prospektində velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.

Qeyd edilir ki, əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: “Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib” 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Bakı-Xəbər”ə bildirildi ki, Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib: “Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil".

Ərşad Hüseynov: “Bu yeniliyin gələcəkdə nə kimi müsbət tərəflərinin olacağını mən düşünə bilmirəm” 

Nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mətbuat prospektinin Ayna Sultanova küçəsinin kəsişməsindən Bəxtiyar Vahabzadə küçəsinin birləşdiyi yerə qədər velosiped yolu düzəldilib. Azərbaycan Nəşriyyatının qabağında olan hissədə parklanma yerləri də təşkil olunub. Bu çox maraqlı yanaşmadır. Belə ki, velosipod yolunun sol tərəfindən parklanma yeri yaradılıb. Sadəcə, bu yeniliyin gələcəkdə nə kimi müsbət tərəflərinin olacağını mən düşünə bilmirəm. Ümid edək ki, yaxşı olacaq”.

Ekspert onu da əlavə etdi ki, son vaxtlar Bakı şəhərində mobilliyin transformasiyası istiqamətində ciddi işlər görülür: “Həmin işlər çərçivəsində xeyli küçə və prospektlərdə avtobus zolaqları ayrılıb, bəzilərində isə velosiped zolaqları təşkil edilir. Hədəf mobillikdə yeniliklər tətbiq etmək, əhalinin ictimai nəqliyyata, mikromobillik vasitələrinə marağını artırmaqdır. Amma bu prosesin daha uğurlu getməsi üçün paralel olaraq digər işlər də görülməlidir. Mobilliyin transformasiyası təkcə küçə və prospektlərdə hərəkət hissəsinin bölüşdürülməsindən ibarət deyil. Bunun qarşılığında ictimai nəqliyyat daha sürətlə inkişaf etməlidir”.

Aslan Əsədov: “Bu gün şəhərətrafı və şəhərdaxili küçələrdə yolların əlaqəli şəkildə qarşılıqlı təması mütləqdir” 

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, nəqliyyat hadisələrinin baş verməməsi üçün əvvəlcədən proseslərin incəliyi araşdırılmalıdır: “Bu gün şəhərətrafı və şəhərdaxili küçələrdə yolların əlaqəli şəkildə qarşılıqlı təması mütləqdir. İnsanların rahatlığı üçün görülən işlər bir yox bir neçə dəfə düşünülməli, sonra addım atılmalıdır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
11
baki-xeber.com

10Mənbələr