AZ

Bu reklama İNANMAYIN! -"Vətəndaşları pul qazanmaq adı ilə aldadıb pullarını alırlar"

Müxtəlif dövlət qurumlarının adından istifadə edilərək vətəndaşların aldadılması hadisəsinə artıq bir neçə dəfə rast gəlmişik. Aidiyyəti orqanlar tərəfindən bu barədə çoxsaylı xəbərdarlıqlar edilsə də, bəzən insanlar yenə də bu tələnin qurbanına çevrilirlər. 

Belə ki, hazırda "Facebook" sosial şəbəkəsində "ƏDV geri al" adından paylaşılan bir reklamda vətəndaşlara son 1 il ərzində toplanmış bütün ƏDV-ləri 2 dəqiqədə kart hesablarına köçürə biləcəkləri barədə qərarın olduğu qeyd olunub.

Reklamda qeyd olunan linkə daxil olduqda açılan səhifədə vətəndaş FİN kodunu yazmalıdır. Daha sonra isə ekranda onun 1 illik topladığı ƏDV məbləği əks olunur. Əgər vətəndaş həmin məbləği öz kart hesabına köçrmək istəsə, bu zaman bütün kart məlumatlarını, hətta kartında olan məbləği də qeyd etməlidir.

Lakin əgər kartın balansı 0-dırsa, əməliyyatın uğurla başa çatması üçün balansda minimal məbləğ tələb edilir. 

Bu şübhəli situasiya ilə bağlı Dövlət Vergi Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır:

"Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.

Əhalinin “ƏDV geri al” layihəsi çərçivəsində www.edvgerial.az  portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.  

Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir. Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edirik:

Rəsmi internet saytı - www.taxes.gov.az

İnternet Vergi İdarəsi - www.new.e-taxes.gov.az

“ƏDV geri al” layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az

Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsini xahiş edirik".

Qeyd edək ki, vətəndaşlar bu cür şirnikləndirici təkliflər olan elanlarla qarşılaşanda ilk növbədə adıçəkilən qurumun rəsmi səhifəsinə daxil olmalıdırlar. Bundan əlavə, bəzən kibercinayətkarlar paylaşdıqları reklamların rəy bölməsinə inandırmaq məqsədilə saxta profillərdən saxta şərhlər əlavə edirlər. Bu məsələlərdə vətəndaşlar diqqətli olmalıdırlar.

Sevinc İBRAHİMZADƏ

2222
Seçilən
108
redaktor.az

1Mənbələr