Məşhur “France Footall” juranlının “Qızıl top” mükafatına namizədləri açıqlaması ilə xüsusui məqam gündəmə gəlib.
Arena.az məlumat verir ki, 21 ildən sonra ilk dəfə olaraq, bu mükafata namizədlər siyahısında dünya futbolunun iki ulduzu – argentinalı hücumçu Lionel Messi və portuqal hücumçu Kristiano Ronaldo yer almayıblar.
Xatırladaq ki, hər iki ulduz Avropa futbol səhnəsini 2023-cü ildə tərk edib. Ronaldo 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən ayrılaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in düşərgəsinə keçib. Lionel Messi isə həmin ilin yayında PSJ-dən MLS-ə yollanıb, “İnter Mayami”yə qoşulub.
Mütəxəssislər hesab edirlər ki, beləliklə dünya futbolunun ən böyük rəqabətlərindən biri tarixə qovuşub. Bir vaxtlar futbolun bütün müstəvisi boyunca bir-birinə sağlam rəqabət təşkil etmiş cütlük hazırda qiyabi rəqiblər kimi azarkeşləri hələ də həyəcana gətirsə də, bu, müasir futbol gerçəyi baxımdan arxa plana keçmiş bir rəqabətdir.
Lionel Messi ümumilikdə Ballon d’Or mükafatlarının sayına görə rekordçudur. Argentinalı forvard bu mükafatı 8 dəfə alıb. O, 2022-ci ilin dekabrında Argentina ilə Dünya Kubokunu qazandıqdan sonra 2023-cü ildə sonuncu dəfə qalib olub.
Kristiano Ronaldo isə mükafatların sayına görə siyahıda ikincidir. Onun adında 5 “Qızıl top” mükafatı var. Bu səsvermədə onun son mükafatı 2017-ci ilə təsadüf edir.
Qeyd edək ki, mükafatlandırma mərasimi oktyabrın 28-də baş tutacaq.
“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d’Or 1956-cı ildə verilib.