Kulis.az "Günün şeiri" layihəsindən Məmməd Arazın "O daşın altında Məmməd Araz yaşayır" şeirini təqdim edir.
Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
Sən kiminin...
Şöhrətini yaşadan az yaşayır.
Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
1971-ci il