Azərbaycanda getdikcə daha çox insan gözünün rəngini dəyişdirmək üçün əməliyyat keçirməyə qərar verir. Kosmetik səbəblərlə edilən bu əməliyyata qadağa qoyulması da müzakirə olunur. Bəs, bu əməliyyata gedənləri hansı real təhlükə gözləyir?
Oftalmoloq Sevil Nuriyeva Teleqraf.com-a açıqlamasında bu əməliyyatın gözün iris adlanan rəngli hissəsini dəyişdirməkdən ibarət olduğunu deyir:
“Keratopiqmentasiya - gözün buynuz qişasına xüsusi boyaların vurulması prosedurdur. Mikrocərrahi alətlərdən istifadə edilərək buynuz qişanın təbəqələrinə boyanın daxil edilməsini nəzərdə tutulur. Əlbəttə, bu əməliyyatın riskləri var. Hər cərrahi əməliyyatda olduğu kimi, vaxtında müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola biləcək infeksiya ehtimalı da qeyd olunmalıdır.
Əməliyyat göz bəbəyi ilə bağlı problemlərə də səbəb ola bilər. Buynuz qişanın şişməsi görmə qabiliyyətinə təsir edə bilər ki, bu, əlavə müdaxilə tələb edir”.
Həkim risklər arasında müxtəlif növ ağırlaşmaların ola biləcəyini vurğulayır:
“Buynuz qişanın xoraları, toksik, allergik reaksiyalar daimi görmə itkisinə gətirib çıxara bilər. Əhəmiyyatın risklərindən biri də görmə qabiliyyətinin pozulmasıdır. Xəstələrdə bulanıq görmə, parıltı və ya hətta tam görmə itkisi mümkündür. Bəzən əməliyyatdan sonra xroniki göz quruluğu ortaya çıxır”.