“Ermənistan dövlətçilik yolu ilə gedir və bu işdə Avropa bizə kömək edir, Rusiya isə bizə mane olur”. Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Akop Aslanyan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətinin bərqərar olmasına nail olmaq, Zəngəzur dəhlizi adlanan ərazini əldə etmək və bütün məsələləri öz lehinə sonuclandırmaq istəyir: “Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir, amma Avropa deyir ki, bizə kömək edəcək. Bütün fərq budur. Bəziləri bizə kömək edir, bəziləri isə mane olur”.
Aslanyan əmin olduğunu bildirib ki, ölkəsi müstəqil siyasət aparmağa çalışdığından təzyiq altındadır: “Bu, xüsusən bizi əlindən buraxmaq istəməyən Rusiyaya aiddir”. O, ölkəsinin belə hallara görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə yollarını ayırmaqda olduğunu bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bir neçə gün əvvəl mətbuat konfransında bu məsələyə toxunub: “Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün qurumlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil. Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunun kifayət etdiyini düşünürük. Lakin bu o demək deyil ki, gələcəkdə fərqli qərarlar qəbul etməyəcəyik”. Amma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fərqli mövqe bildirir: “İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyi elan edildi, sonra isə bu təşkilatdakı iştiraklarını dondurduqlarını bəyan etməyə başladılar. Başa düşmək istərdim ki, kim kimin tərkibindədir. Hər sözün, hər bir ifadənin arxasında təkcə son dərəcə vacib olan məna yox, həm də nəticələrinə görə məsuliyyət olmalıdır. İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ermənistan rəhbərliyi erməni xalqının maraqlarına zidd olan belə qarşılıqlı fəaliyyətdən uzaqlaşmaq xəttinə sadiqdir. Ümid edirik ki, İrəvanın özünün və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq. Xüsusilə bölgənin bir çox sınaqlarla üzləşdiyini nəzərə alsaq, sözlə oynamaq heç bir yaxşılığa səbəb olmaya bilər”. Amma qeyd edək ki, rəsmi İrəvanın son iki ildəki anti-KTMT xəttində, bir qayda olaraq, qurumdan çıxmaq üçün bəhanələrin işə salındığı görünür. Amma indi Rusiya və Ermənistan arasında əsas gərginliyin KTMT-dən daha çox Zəngəzur dəhlizi üzərində yaranmaqda olduğu görünür. Moskva açıq mətnlə bəyan edir ki, dəhliz onun sərhədçilərinin nəzarəti altında açılmalıdır. Mariya Zaxarova bu fonda qeyd edir ki, İrəvan növbəti dəfə Qərbin göstərişi ilə hərəkət edərək, qonşuları ilə nəinki nəqliyyat əlaqəsi qurmaq, hətta bütövlükdə regionda vəziyyətin normallaşmasına töhfə vermək imkanını əldən verir: “Sərhəd nəzarəti məsələlərində Ermənistan tərəfinin konstruktiv mövqe nümayiş etdirməməsi səbəbindən dəmir yolu xidmətinin işə salınması ilə bağlı yekun razılıq əldə etmək mümkün olmayıb”. Zaxarova vurğulayıb ki, İrəvan 10 noyabr 2020-ci il tarixli razılaşmalardan uzaqlaşıb: "Ermənistan hakimiyyəti qərbli dostlarının yolunu tutub və faktiki olaraq üçtərəfli işçi qrupda birgə işi dondurub. Lakin bu, kommunikasiyaların açılması baxımından praktiki nəticə vermədi”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu günlərdə sözügedən məsələyə geniş şəkildə toxunub: “Vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini bərpa etməkdir. Çünki prezidentlər Putin, Əliyev və Baş nazir Paşinyan tərəfindən 2020-ci il noyabrın 9-da imzalanan sənəddə deyilir ki, həm dəmir yolu, həm də avtomobil yolu ilə hərəkət bərpa olunacaq. Onun mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin edəcək. Və mən bu yaxınlarda baş nazir Paşinyanın Ermənistanın prosesi ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim. Qəribədir, çünki əslində Ermənistan əvvəlcə yoldan imtina etdi və yalnız dəmir yoluna sahib olmaqda israr etdi. Azərbaycan buna heç bir səbəb görmədi, amma bizim vasitəçiliyimizlə razılaşdı. Sonra birdən Ermənistan dedi ki, rus sərhədçilərin iştirakı olmayacaq, halbuki bu, sazişdə açıq-aydın yazılıb. Dedim, bu bizə aydın deyil. "Biz bunu özümüz edəcəyik", - dedilər. Azərbaycan bildirir ki, azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvana gedərkən ilk mərhələdə öz təhlükəsizliyinə arxayın olması üçün inamsızlıq, hətta belə demək mümkünsə, düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Ona görə də bu danışıqların mümkünlüyü və ya olmaması çox vaxt həlledici rol oynayır”.
Ermənistan isə bütün bunlar fonunda bildirir ki, Zəngəzur dəhliznə rusların nəzarəti mümkünsüzdür. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edir ki, artıq Ermənistan gələcəkdə Azərbaycanla olacaq nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, şirkətlər yalnız nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə cavabdeh olacaqlar: "Vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək". Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan söyləmişdi ki, ölkəsi ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını pozmadan və şübhə altına almadan Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yollar verməyə hazırdır. Erməni politoloq Sergey Melkonyanın iddiasına görə, iki ölkənin xarici işlər nazirləri səviyyəsində keçirilən son görüşdə Ermənistan və Azərbaycan kommunikasiyalara nəzarətin beynəlxalq özəl mühafizə şirkətinə verilməsi imkanını müzakirə edib. Hazırda görünən odur ki, Zəngəzur dəhlizi məsələsi hər iki tərəfin – Azərbaycan və Ermənistanın razılığı ilə sülh sazişindən çıxarılsa da, siyasi gündəmdən çıxarılmayıb. Bu fonda Rusiyanın narahatlığı daha çox diqqət cəlb edir. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında avtomobil əlaqəsinin bərpası, ona nəzarətin Rusiya sərhədçiləri tərəfindən təmin edilməsi açıq-aydın qeyd edilsə də, Ermənistan tərəfi bu razılaşmanı artıq dörd ildir pozur. Bu arada Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib. Görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib. Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır. Amma bu yanaşma Rusiya üçün əhəmiyyətsiz hesab olunur.
Nahid SALAYEV