Ukrayna ağır dövrünü yaşayır. Hərbi və iqtisadi potensialları qat-qat artıq olan Rusiya qarşısında hələ davam gətirə bilirsə, bu yalnız Qərbin köməyinin deyil, əsasən Ukrayna xalqının əzminin göstəricisidir. Son günlər Ukrayna üçün daha ağır keçir. Poltavadakı institun vurulması nəticəsində ölənlərin sayı 55, yaralılar isə 300 nəfər təşkil edir. Qarşıdakı ölkə yalnız Ukraynanı deyil, zaman-zaman bəşəriyyəti belə təhdid edən ölkədir, amma bu o demək deyil ki, güclünün işğalına haqq qazandırnaq lazımdır. Təəssüf ki, son günlər bizdə də bu tendensiyanın artdığının şahidi oluruq.
Rusiya işğalına haqq qazandıranlar potensial müstəqillik düşmənləridir. Sabah belələri Yalamada, Biləcəridə Alaudinovun rəhbərlik etdiyi “Axmat” dəstəsini, yəni XII Qızıl Ordunu qarşılamağa hazırdırlar. SSRİ-nin hərbi gücü elə idi ki, onu hərblə məğlub etmək mümkün deyildi, amma cəmi üç tezislə-“yenidənqurma, demokratiya, aşkarlıq” tezisləri ilə ölkə dağıldı. Sərhədləri Berlinin ortasında, Kubada olan dövlətin hazırda sərhədi Rostovda, Kurskdadır. Səbəb- aparılan yanlış siyasət idi.O siyasət ki, bu gün də davam edir. Ukraynaya hücumu üç günə bitirmək xəyalı, xəyal olaraq qaldı. Ukrayna müharibəsinin zaman məsafəsinin uzanması “üç tezis” siyasətinin davamıdır ki, Rusiya tələyə düşdüyünün fərqində deyil, daha doğrusu bilir, amma özünü o yerə qoymaq istəmir. Nəticədə hərbi, siyasi, iqtisadi böhranla üzbəüz qalıb. Rusiya işğalına dəstək verənlər real iqtisadi, sosial vəziyyəti sübut kimi göstərməyi məsləhət görürlər. Nəzərə alıb açıq mənbələrdən aldığımız məlumatların bir hissəsini diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirik.
Xəzinə boşalır. Buna görə də, “Xüsusi əməliyyat” iştirakçılarına kompensasiya azalır və yalnız çağırışçılara üstünlük verirlər. Yəni, pulsuz ölümə. “Kontraktniklər” pul müqabilində belə, ölümə getmək istəmirlər. Rəsmi statistikaya görə iki il ərzində vətəndaşların gündəlik həyat tələbatları 70% bahalaşıb. 2022-ci ilin fevral ayından etibarən “yığılmış” inflyasiya 71,4% -ə çatıb. Ərzaq, içkilər, təmizlik məhsulları, əşyalar, şəxsi gigiyena, dərmanlar və geyim də daxil olmaqla gündəlik malların qiymət indeksi 2022-ci ilin fevralından məhz bu qədər artıb. İlin əvvəlindən iyulun sonuna kimi bu üsulla hesablanmış inflyasiya 9,6% və rəsmi rəqəmi 1,9 dəfə üstələyib (Rosstatın məlumatına görə 5,06%). Gündəlik malların illik inflyasiyası - 21,2%. Son bir ildə qiymətlər orta hesabla 21% artıb. Ən bahalı məhsul artıq 48, 5% artan yumurta deyil, çuğundurun da qiyməti 71% artıb. Banan, alma və pomidorun qiyməti təxminən 25%, yarımfabrikat quşçuluq məhsulları 22,6% bahalaşıb. Məktəb malları, xüsusən də məktəblilər üçün geyimlər də 10%-dən çox bahalaşıb. Üstəlik, tendensiya pisləşmə əlamətlərini göstərir. Sentyabrda bir sıra mallar 5-30% bahalaşacaq: süd, pendirlər, kərə yağı, qaymaq, qatıqlar, şokolad, spirtli içkilər, avtomobillər də bura aiddir.
Ukrayna müharibəsinin yaratdığı mənfiliklər yalnız bahalaşma ilə bitmir. Rusiyada kriminal elementlər, qruplar faktiki tuğyan edir. Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları müharibədən Ukraynadan qayıtdıqdan sonra öz vətənlərində cinayətkar dəstələrin hədəfinə çevrilirlər. Kriminal qrupların son aylarda hədəfləri Ukrayna müharibəsindən yaralı vəziyyətdə qayıdıb dövlətdən 1 milyondan 3 milyon rubla qədər müavinət alan şəxslərdir. Rusiya Federasiyasının hüquq-mühafizə orqanları öz “veteranlarını” onlardan qoruya bilmirlər, hətta cinayət işi başlamaqdan belə imtina edirlər. Müharibədən qayıdanlar üçün əsl “ov” başlayır, Ukraynada qanla "qazandıqları" pullar cinayətkar dəstələrin yeminə çevrilir. Veteranlar yerli kriminal ünsürlərə pul ödəməkdən imtina etdikdə işgəncəyə, cinsi zorakılığa və qətlə məruz qalırlar. Bu təcrübə xüsusilə Rusiya Federasiyasının kiçik şəhərlərində geniş yayılmışdır,çünki Ukraynadan qayıdan döyüşçülərin “sərvəti” kiçik və kasıb məkanlarda xüsusilə nəzərə çarpır. Rusiya vətəndaşlarının kart kreditləri üzrə borcları ildə rekord məbləğə çatıb - 5 trilyon rubl (50 milyard dollar). “ İzvestiya” qəzetinin məlumatına görə 2024-cü ilin iyul ayının nəticələrinə əsasən rusların istehlak kredit kartları üzrə borcları 4,8 trilyon rublla rekord göstəriciyə çatıb. Ukrayna müharibəsinin üçüncü ilində adi vətəndaşların borcları qiymətlərin artması səbəbindən sürətlə artır
Müharibəyə görə tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədib. Enerji məhsullarının dünyaya çıxışında yaranan məhdudiyyətlər getdikcə sərtləşir.
Rusiya sonunda nəyə nail olmaq istəyir? İşğal etdikləri əraziləri rəsmən Rusiyaya qatmağa? Dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiya müharibədən əvvəl də vətəndaşlarına normal həyat səviyyəsi yarada bilməmişdi. Müharibədən sonra, hətta işğal əraziləri rəsmən Rusiya ərazisi kimi qəbul olunsa, ( bu çox şübhəli və az inandırıcıdır) guya xoşbəxt olacaqlarmı?
Teleqramın yaradıcısı Pavei Durovun həbsinə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev belə münasibət bildirmişdi: “O rusdur və buna görə gözlənilməz və təhlükəlidir” (Он русский – и потому непредсказуемый и опасный”. Əgər bu deyimi bütöv Rusiya cəmiyyətinə aid etsək, vəziyyət gərginləşdikcə vətəndaşların hansı “gözlənilməz və təhlükəli” addımlar atacağı məlum deyil.
Moderator.az