AZ

Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsi üçün yeni səhifələr açılır

İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romada işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər münasibətlərin inkişafı üçün bütün sahələrdə yeni imkanlara işıq salır

«Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik.» Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır: «Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.»

Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlif ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Bunu qarşılıqdı səfərlər, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibi də təsdiqləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqı, həmçinin quruma üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir.

Dövlət başçısı İlham Əliyevin sentyabrın 4-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri də bunun bariz nümunəsidir.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı, müstəqilliyini tanıyan ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimiz arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər qurulmuşdur. Bu münasibətlər gündən-günə inkişaf edir. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliya tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. 

Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Ümummilli Lider Heydər Əliyevlə söhbət zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib.

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərin sonrakı inkişafında yeni mərhələnin başlanğıcı olur. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfərindən sonra intensiv xarakter alan qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasına stimul verdi. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.

Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə İtaliyaya reallaşdırdığı dövlət səfəri zamanı ölkə arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin qəbul olunması qarşıdakı illərdə əməkdaşlığa işıq salan mühüm addımlardan olmuşdur. Səfər çərçivəsində xeyli sayda sənədlr imzalanmışdır. İmzalanan sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” münasibətrimizin bugünkü inkişaf səviyyəsinə gəlib çıxmasında əhmiyyətli rol oynadı. Bu Bəyannamə təsdiq etdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Bugünkü statistik rəqəmlər ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafı barədə aydın təsəvvür yaradır. İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar, o cümlədən idxalın həcmi 0,5 milyard dollar, ixracın həcmi 15,2 milyard dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon dollar olub. İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz, o cümlədən idxalda 2,76 faiz, ixracda isə 44,86 faiz təşkil edib. 2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollar, o cümlədən idxalın həcmi 0,3 milyard dollar, ixracın həcmi 5,9 milyard dollar təşkil edib.

Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Hazırda İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri daim yüksək dəyərləndirirlər. Keçirilən görüşlərdə də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirilir. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Qurumla Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salan “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunmuşdur ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Azərbaycanın enerji təhlükəsizliyinin təminatına veridiyi töhfələr yüksək dəyərləndirilir.

Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə İtaliyaya işgüzar səfəri çərçivəsində Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında Azərbaycanın uğurlu enerji siyasətindən və əldə edilən uğurlardan geniş bəhs etmişdir. Reallıq budur ki, enerji strategiyamız mərhələlərə bölünür. 1994-cü ildə ilkin mərhələdə Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Qısa zamanda Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın ixrac boru kəmərlərinə ehtiyacı var idi. Ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Beləliklə, Azərbaycan dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.

Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən bu rəqəm 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son illər ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, Azərbaycanın böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacı var idi. Ölkəmiz bunu Cənub Qaz Dəhlizi adlandırdı. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bu, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) Boru Kəməri və Trans-Adriatik (TAP) Boru Kəməridir. Bu kəmər İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib.

2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Cənab İlham Əliyev bu sənədi gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdı. Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Dövlətimizin başçısı İlham Əliyev enerji sektorunda qazanılan uğurlara, Azərbaycanın malik olduğu potensiala əsaslanaraq bu hədəfə də nail olacağımızı bildirir. Hazırkı dövrün əsas çağırışları sırasında TANAP-ın və TAP-ın genişləndirilməsi də xüsusi yer tutur. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, bu əlaqələrin regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, ən əsası iqtisadi münasibətlərin qurulmasında maraqlı olan dövlətlərin sayının artması bu hədəfin də reallığa çevriləcəyinə böyük əminlik yaradır.

Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. Qeyd etdiyimiz kimi, bu layihənin əsas seqmentlərindən olan TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdırır. Cənab İlham Əliyevin “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” fikirləri bu gün reallıqda öz əksini tapır. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addım olacaq. Artıq proqnozlar reallıqda özünü doğruldur.

Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolundan geniş bəhs edilərək bu inam ifadə edilmişdir ki, Azərbaycan qarşıdakı illərdə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. Cənab İlham Əliyev daim çıxışlarında, görüşlərində bu məqamı xüsusi qeyd edir ki, İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Belə bir əminlik də ifadə olunur ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Atılan addımlar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.

Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.

Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərdə də xüsusi olaraq vurğulanır. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu əminlik ifadə edilir ki, İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya işgüzar səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda, Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-qurculuq işlərinə də öz müsbət təsirini göstərir. İtaliya işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biridir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır. Bu mühüm məqamı da xysusi qeyd edək ki, tarixi Zəfərimiz bərpaolunan enerji sektorunda əlaqələrin qurulmasını da sürətləndirdi. Ölkəmizin bu sahədə böyük potensiala malik olması beynəlxalq səviyyədə də qeyd edilir. Bu il ölkəmizin ev sahibliyi edəcəyi dünyanın mötəbər tədbiri olan COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaranacaq. Dövlət başçısı İlham Əliyev hər bir səfərində, keçirdiyi görüşlərdə diqqəti bu tədbirə yönəldərək onun əhəmiyyətindən bəhs edir. Tədbir iştirakçılarının say tərkibinin genişliyi həm onun əhəmiyyətinin, həm də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın malik olduğu imkanların təqdimatına töhfə olacaq bu tədbirə xeyli sayda dövlət və hökumət nümayəndələri dəvətlidir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır.

Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir. Prezident İlham Əliyevin İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə SOCAR və “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulmaqla yanaşı, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin və şaxələndirilməsinin vacibliyi vurğulandı.

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya–Azərbaycan dəyirmi masası keçirildi. Bildirildi ki, ölkəmiz İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə çoxsaylı İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparıldı, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşdülər. Belə bir əminlik ifadə edildi ki, dəyirmi masa çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar əlaqələrimizi daha da gücləndirəcək və yeni imkanlar açacaq.

Qeyd etdiklərimiz bu qənaətə də əsas verir ki, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır. Diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan - İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
177
2
ikisahil.az

10Mənbələr