AZ

Makrona Yelisey Sarayının qapısı göstərilir...

Hər ötən gün Fransada siyasi böhran bir qədər də dərinləşir. Avropa Parlamentinə və Milli Assambleyaya növbədənkənar seçkilərdə mərkəzçi adlandırılan “İntibah” partiyasının məğlubiyyətindən sonra Makron iqtidarının başı qeylü-qaldadır. Analitiklərin qənaəti belədir ki, hazırda ölkədə Yelisey Sarayının sahibinin 2027-ci il prezident seçkilərindən daha tez dəyişməsi üçün şərait formalaşıb. Bütün şərtlər bunu diqtə edir. Bildirilir ki, mövcud siyasi reallıqlar fonunda hazırkı iqtidarın ölkəni idarə etmək limiti tükənməkdədir.

81 deputatın imzaladığı impiçment qətnaməsi

Fransada hələ bundan xeyli əvvəl başlayan siyasi böhran Makron koalisiyasının - “İntibah” partiyasının Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə açınacaqlı məğlubiyyətə uğramasından sonra açıq müstəviyə keçib. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində, Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Milli Assambleyaya seçkilərin həm birinci, həm də ikinci turunda “İntibah” partiyası məğlubiyyət acısı yaşadı. Belə ki,  birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçirilən növbədənkənar ümumi seçkilər dörd sol partiyanın yaratdığı Yeni Xalq Cəbhəsinin (NFP) qələbəsi ilə nəticələndi. Seçkilərdə solçu Yeni Xalq Cəbhəsi 178 mandatla birinci, Makron ittifaqı 163 mandatla ikinci, ifrat sağçı Milli Birlik Alyansı (MN) isə 143 mandatla üçüncü yerdə qərarlaşıb. Bu nəticələrlə heç bir partiya və ya ittifaq cəmi 577 deputatın fəaliyyət göstərəcəyi parlamentdə hökuməti qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib. Parlament çoxluğu isə solçulardan ibarətdir. Hazırda solçu partiyalar 193 mandatla parlamentdəki ən böyük siyasi qrupdur.

Beləliklə, Fransa tarixininin ən çox parçalanmış parlamenti formalaşıb. Məhz parlamentin solçulardan ibarət ən böyük qrupu Makron üçün başağrısına çevrilib. Bu günlərdə həmin qrupdan gələn təşəbbüs əsasında parlamentdə  Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalanıb. Sənədin altında 81 deputatın imzası var. Onlardan 72-sinin “Əyilməz Fransa” partiyasının deputatları olduğu bildirilir.

Makronun qorxulu röyası - hökumətə də solçular rəhbərlik edərlərsə...

Tez-tez demokratiya, hüququn aliliyi ilə bağlı siyasi bəyanatlar verməsinə rəğmən, Makronun hakimiyyət hərisliyi ortadadır və bu, açıq-aydın hiss olunur. O, əlindəki rıçaqlardan istifadə etməklə hakimiyyətinin ömrünü 2027-ci il prezident seçkilərinədək qorumaq və sonrakı mərhələdə də ölkəyə rəhbərliyi özündə saxlamağa zəmin hazırlamaqdan ötrü yollar axtarır. Elə onun Avropa Parlamentinə seçkilərdə məğlubiyyətdən sonra Milli Assambleyaya növbədənkənar seçkilər təyin etməsi də məhz bu planın tərkib hissəsi idi. Lakin proseslər əksinə cərəyan etdi və milli səviyyədə keçirilən seçkilərdəki məğlubiyyət onu sözün əsl mənasında dalana saldı. Parlamentin indiki tərkibi ilə Yelisey Sarayının burada hakimiyyətin marağında olan hansısa bir qanunu keçirəcəyi mümkünsüz görünür ki, bu da Makron iqtidarının əl-qolunun bağlanması anlamına gəlir. Yaxın perspektivdə Yelisey Sarayının fəliyyətinin iflic hala gələcəyini təxmin etmək çətin deyil.

Lakin  bu da parlamentə nəzarətini itirən Makron üçün problemin hamısı deyil. Seçkilərin nəticələrinə uğun olaraq baş nazirin istefası reallaşandan sonra Makronu qayğılandıran digər əsas məsələ hökumətə kimi, rəhbərlik edəcəyidir. Onun sonuncu Fransa hökumətini oriyentasiyalı nazirlərdən formalaşdırdığını hər kəs yaxşı bilir. Yeni tərkibli parlament prezidentin hökuməti formalaşdırmaq səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Elə Makronun impiçment məsələsini zəruri qaydada ölkənin siyasi gündəminə daşıyan səbəb də yeni baş nazirin təyinatı ilə bağlıdır. Hazırda baş nazir təyinatı Makron üçün bir növ qorxulu röyaya çevrilib.

Prezident baş nazir axtarışını uzadır, solçular gözləmək istəmirlər

Çıxılmaz vəziyyətdə qalan Makron baş nazir təyinatını uzatmağa çalışdı. 33-cü Yay Olimpiya Oyunları onun üçün bir fürsət oldu.  O, Olimpiadanı bəhanə gətirməklə siyasi qüvvələri barışığa çağırdı. Partiyalar Olimpiadaya ev sahibliyinin məsuliyyətini, ölkənin imicini nəzərə almaqla müvəqqəti barışıq təklifini anlayışla qarşıladılar və siyasi ambisiyalardan çıxış etmədilər.

Olimpiadanın başa çatması ilə Makron üçün möhlət müddəti də bitdi. Prezident arzulamadığı reallığa qayıtmalıdır və baş nazir təyinatına imza atmalıdır. 81 deputatın impiçment qətnaməsini imzala masına səbəb  də Makronun solçu blokun nümayəndəsini ölkənin baş naziri postuna təyin etməkdən görünməmiş şəkildə imtina etməsidir. Deputatlar Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanırlar. Bu maddə prezident öz səlahiyyətlərini pozarsa, onun vəzifəsindən kənarlaşdırılması (impiçment) imkanını nəzərdə tutur.

Makron siyasi qüvvələrin liderləri ilə məsləhətləşmələrin birinci raundundan sonra solçular tərəfindən irəli sürülən  Yeni Xalq Cəbhəsi hökuməti variantını rədd edib. O, Lüsi Kastetsin baş nazir postuna namizədliyini təsdiqləməyib. Yelisey Sarayının mətbuata açıqlamasında qeyd olunub ki, ölkənin institusional sabitliyi bu variantı saxlamamağı tələb edir. Bildirilir ki, yeganə proqrama əsaslanan hökumət, NFP dərhal Milli Assambleyada təmsil olunan bütün digər qruplar tərəfindən bloklanmaya məruz qalacaq. Belə bir hökumətə qarşı çıxan 350-dən çox deputatın səs çoxluğu onun fəaliyyət göstərməsinə faktiki mane olacaq.

Fransa Prezidenti Emmanuel Makron bu vəzifəyə Mişel Barnyeni təyin edib. Qeyd edək ki, keçmiş avrokomissar Mişel Barnye daha əvvəl Fransanın xarici işlər naziri postunda çalışıb.

Solçular bu qərarı sərt tənqid edərək Makronun prezident kimi öz səlahiyyətlərini aşdığını bildirirlər.  “Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyasının koordinatoru M.Bompard bunun heç bir mənası olmayan arqument əsasında həyata keçirilən qəbuledilməz anti-demokratik çevriliş olduğunu deyib. Prezidentin qərarı “institutların məntiqinə qətiyyən uyğun gəlmir, bu, son dərəcə narahatedicidir. Demokratiya prezidentin gözündə heç nə demək deyil və mən bunu son dərəcə təhlükəli hesab edirəm”, - deyə NFP-nin namizədi Lüsi Kastets xəbərdarlıq edib. Ekolojist M.Tondelye isə vəziyyəti tamamilə qeyri-liberal adlandıraraq, seçkilərin nəticələrinin oğurlandığını söyləyib.  “Biz bu seçkinin oğurlanması prosesindəyik. Məni ən çox qəzəbləndirən odur ki, o, sabitlikdən danışır, lakin fransızların dörddə üçü dəyişiklik istəyir. Solçu liderlər üçün baş naziri təyin etmək Emmanuel Makrondan, sonra isə yeni hökuməti senzuradan keçirib-keçirməmək isə parlamentdən asılıdır. Biz bunu sınamağa, bloklanmaya məruz qalmamaq üçün müqavilələr bağlamağa hazırıq. Əgər Lüsi Kastets baş nazir olarsa, o, danışıqlar apararaq, parlamentə güvənərək davam etməli olacağını bilir”, - deyə M.Tondelye vurğulayıb.

Fransa hakimiyyəti üçün daha bir “əcəl zəngi”

Hazırda ölkədə yaranan büdcə kəsiri də Makron iqtidarının başı üstündə dayana başqa bir “əcəl zəngi”nə çevrlib.  Əlavə gəlir mənbələrinin olmayacağı təqdirdə Fransada büdcə kəsiri 2024-cü ildə və gələn il arta bilər. Bu barədə ölkənin Maliyyə Nazirliyi qanunvericilərə ünvanladığı məktubda xəbərdarlıq edib, çünki avro zonasının ikinci ən böyük iqtisadiyyatında siyasi böhranın fəsadları daha çox hiss edilir.

Aİ-nin Parisə qarşı intizam qaydasında iddialarına da səbəb olan pisləşən maliyyə vəziyyəti növbədənkənar seçkilərdən iki ay sonra yeni hökumət qurmaq üçün mübarizə aparan Makrona təzyiqi artırır. Maliyyə kəsiri o deməkdir ki, istənilən yeni hökumət xərcləri azaltmaq və vergiləri artırmaq və ya Fransanın Aİ tərəfdaşlarının və maliyyə bazarlarının etibarını itirmək arasında çətin seçimlər etməli olacaq.

Fransa Maliyyə Nazirliyi tərəfindən parlamentə göndərilən sənəddə dövlət sektorunun büdcə kəsirinin bu il istehsal həcminin 5,6 faizinə çatması riskinin olduğu göstərilib. Müvəqqəti hökumət bundan əvvəl 5,1 faiz büdcə kəsiri planlaşdırmışdı.

Milli Assambleyanın maliyyə komitəsinə sədrlik edən solçu deputat Erik Kokerelin sözlərinə görə, gələn il hökumət 4,1 milyard avroluq büdcə kəsiri hədəfinə çatmaq üçün 60 faiz qənaət tələb edəcək, 2025-ci ildə isə bu rəqəm 6,2 faizə çata bilər.

Bir sıra əsas vergilər, o cümlədən gəlir, korporativ və satış üzrə əlavə dəyər vergiləri gözlənildiyindən də aşağı səviyyədədir. Kokerel əlavə edib ki, Fransanın Yeni Kaledoniya ərazisində təhlükəsizliklə bağlı problemi və bu il keçirilən növbədənkənar parlament seçkiləri əlavə xərclərə səbəb olub. Kokerel jurnalistlərə deyib ki, vəziyyət Makron dövründə ardıcıl vergi endirimlərinin nəticəsidir və indi xərcləri azaltmaq əvəzinə vergiləri daha da artırmaqla düzəldilə bilər.

Vəzifəsini tərk edən maliyyə naziri Bruno Le Mer bildirib ki, Fransa üçün büdcə kəsirlərinin davam etməsinin və onun nəzarətdən çıxmasının qarşısını almaq olduqca vacibdir. Həm bu il, həm də gələn il 1 faizlik iqtisadi artım proqnozlaşdıran Le Mer gəlir çatışmazlığını aradan qaldırmaq və büdcədə izafi xərcləri ödəmək məqsədilə artıq bu il üçün 16,5 milyard avro məbləğində xərcləmənin dondurulduğunu bildirib.

Fransa uzun müddətdir ki, üzv dövlətlərdən büdcə kəsirini hasilatın 3 faizindən aşağı səviyyədə saxlamağı tələb edən Aİ qaydalarını pozub. Onun ÜDM-in 110 faizini təşkil edən ümumi borcu da Aİ-nin normalarına ziddir. Makronun dövründə ev təsərrüfatları, şirkətlər və kapital gəlirləri üzrə vergi endirimləri illik gəlirləri on milyardlarla avro azaldıb. Yaranan vəziyyət də aparılan səriştəsiz və populist siyasətin nəticəsidir.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
yeniazerbaycan.com

1Mənbələr