AZ

Parisdən Azərbaycana qarşı növbəti hörmətsizlik...

İcma: Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri  ciddi narahat edir. Bu baxımdan, xüsusilə Fransa öndə gedir. Görünən odur ki, Fransa ermənilərdən çox ermənilik edir. Bu ölkə əsassız olaraq olaraq ölkəmizin imicinə zərbə vurmağa çalışır. Rəsmi Parisin öz vətəndaşlarına Azərbaycana səyahət etmək xəbərdarlığı da bunun daha bir göstəricisidir. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığı qəbulolunmazdır.

Paris münasibətləri daha da gərginləşdirir

Rəsmi Bakının bəyan etdiyi kimi, Fransa tərəfindən verilmiş bu cür əsassız, qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Digər tərəfdən, bu ölkənin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “Dağlıq Qarabağ Muxtar Vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bəyanatda qeyd olunub: “BMT Nizamnaməsi ilə üzərinə düşən dekolonizasiya öhdəliklərini yerinə yetirməyən, neokolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir”.

İşğalçıya və separatçılara dəstək verən Fransa

Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Fransa ölkəmizə qarşı aqressiv siyasət yürüdür. Bu ölkənin dövlət başçısı, hökuməti və parlamenti davamlı olaraq Azərbaycana qarşı böhtan kampaniyası aparır. Nümunə üçün deyə bilərik ki, Fransa parlamenti 2020-ci ildən etibarən dəfələrlə ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Sonuncu dəfə bu ilin yanvarında Fransa Senatının qəbul etdiyi sənəd də Azərbaycanafob, irqi ayrıseçkilik açıq-aşkar nümayiş olundu. Özünü “demokratiyanın beşiyi” adlandıran və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa parlamentinin bu qətnaməsi beynəlxalq hüququn açıq-aşkar tapdanması, işğalçılıq siyasəti yürütmüş Ermənistanın və erməni separatçılarının dəstəklənməsi isə hərbi cinayətlərə şərik olmaq demək idi. Həmin sənədin Senatda müzakirə olunması zamanı Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sjurnenin çıxış etməsi, “fəxri qonaq” qismində isə Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və separatçıların Fransadakı nümayəndəsi Hovhannes Gevorgyanın da iştirak etməsi Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizliyin nümayişi idi.

Tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Xatırladaq ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm törədib. Amma Fransa heç vaxt Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi. Bütün bunlar, o cümlədən Fransa parlamentində qəbul olunmuş qətnamələr Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur.

Fransa törətdiyi cinayətlərə görə cavab verməlidir

Hazırda da Fransa gerçək simasını nümayiş etdirir. İndiki şəraitdə də Fransanın bu mövqeyi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən Fransa normallaşma prosesində vasitəçi ola bilməyəcəyini bir daha təsdiqləyir. Parisin Ermənistanı silahlandırması Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist  qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir.

Fransa öz tarixində insanlığa qarşı çoxsaylı cinayətlər törədib və bu gün də Afrikada və digər yerlərdə  bir sıra xalqları öz müstəmləkəsi altında saxlamağa çalışır. Paris ilk növbədə bu cinayətlərin hesabını verməlidir. Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir.   Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Bakı Təşəbbüs Qrupu tərəfindən bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş beynəlxalq tədbirlər keçirilir.

Təbii ki, rəsmi Paris bütün bunları qıcıqla qarşılayır. Fransa XİN-in vətəndaşlarına səyahət xəbərdarlığı da buradan qaynaqlanır. Lakin Parisin Azərbaycana qarşı qərəzli mövqeyi ölkəmizi haqq yolundan sapdıra bilməz!

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
yeniazerbaycan.com

1Mənbələr