2030-cu ilədək ölkəmizdə 7 GVt bərpaolunan enerji gücləri işə salınacaq
Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq neft emalı sahəsində bütün ekoloji qaydalar daim diqqət mərkəzində saxlanılır. Respublikamızın qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə konvensiyalar, sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab edilir.
Xəzər dənizinin respublikamız, eləcə də digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün mühüm önəm daşıması, onun ekosistemlərinin həssas və dayanıqlı olması, bütün sahilyanı ölkələrin dənizdə getdikcə artan fəaliyyətlərinin (neft-qaz yataqlarının istismarı, dənizdə gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsi nəzərə alınaraq Dövlət Neft Şirkəti ekoloji siyasətində bu dənizin gələcək nəsillər üçün qorunub saxlanılmasına prioritet vəzifə kimi yanaşır.
Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı “Azəri-Çıraq-Günəşli” yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal terminalı üçün “Neft dağılmaları üzrə fəaliyyət Planları”na uyğun real texniki sistem formalaşdırılıb. Neft dağılmalarının qarşısının alınması, ballast sularının və başqa tullantıların yığılması məqsədilə dənizdə fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri də müvafiq planlara və tədbirlər sistemlərinə malikdirlər.
Hazırda qarşıda duran əsas məsələlərdən biri neft və qaz hasilatında karbon tullantılarının sıfıra endirilməsinin həyata keçirilməsidir. Buna görə də Dövlət Neft Şirkəti fəaliyyətində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir, bu yöndə elmi-tədqiqat işlərini sürətləndirməklə karbon tullantılarını sıfıra endirməyə əsas istiqamət kimi yanaşır. Adıçəkilən şirkətin “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşularaq metan tullantılarının sıfıra endirilməsi kimi öhdəlik götürməsi də bunun bariz ifadəsidir.
Son 30 il ərzində Azərbaycan neft-qaz sektoru sayəsində mühüm iqtisadi inkişafa və rifahın yüksəlməsinə nail olub. Ölkəmizdə ümumdaxili məhsulun (ÜDM) üçdə biri, ixracın 90 faizi və birbaşa xarici investisiyaların isə 71 faizi bu sektorun payına düşüb. Buna görə də Azərbaycan aşağı karbonlu iqtisadiyyata uğurlu keçidi reallaşdırmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün qazıntı yanacağından tədrici imtina etməklə iqtisadiyyatda uğurlu diversifikasiya siyasəti yürütməyə başlayıb.
Belə bir fəaliyyətə əsaslanaraq respublikamız son illərdə qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə konvensiya və sazişlərə həssaslıqla yanaşıb, bu sahədə müsbət nəticələr əldə edib. Məhz elə bu amil də COP29-un ölkəmizdə reallaşması qərarını şərtləndirib, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərmələrini əsaslandırıb.
Beləliklə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasının– COP29-un bu il ölkəmizdə keçiriləcəyi ilə bağlı qərar ötən il dekabrın 11-də COP28-in 150-dən çox dövlət və hökumət başçılarının iştirakı ilə Dubayda reallaşan plenar iclasında qəbul olunub. Qeyd edək ki, bu, təsadüfi olmayıb. Çünki indiyədək COP-un konfransları qazıntı yanacağı ixracatçıları olan, lakin “yaşıl enerji”yə də fəal şəkildə sərmayə qoyan ölkələrdə keçirilib. Azərbaycanın da fəaliyyəti bu baxımdan yüksək dəyərləndirilib. Başqa sözlə, dünya ölkələrinin СОР29-un Bakıda reallaşdırılacağı barədə yekdil qərarı respublikamızın iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində həyata keçirdiyi layihələrə verilən yüksək qiymətlə bağlı olub.
Yeri gəlmişkən, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Qeyd edək ki, ölkəmiz regionda “yaşıl” enerjinin inkişafına ən çox investisiya yatıran ölkələrdən biri (son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır) kimi qiymətləndirilib.
Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri dekarbonizasiya tədbirlərinin tətbiqi ilə “yaşıl” inkişafı və neft- qaz layihələrinin icrasını özündə birləşdirən enerji keçidinin təmin edilməsinə balanslaşdırılmış yanaşmadır. Ekspertlərin sözlərinə görə, külək və günəş enerjisi sahəsində yeni irimiqyaslı layihələrin həyata keçirilməsi yüksək texnologiyalı enerji saxlama sistemlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Ümumilikdə, ölkədə 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sahəsində 7 GVt istehsal gücünün yaradılması planlaşdırılır ki, bu da Azərbaycana Avropaya “yaşıl” enerjinin aparıcı ixracatçılarından biri olmaq imkanı vermək deməkdir.
Ölkəmizdə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli isə Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” ilə qoyulub. Sənəddə diqqətə çatdırılan 5 milli prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı olub. Bununla da respublikada “yaşıl” iqtisadiyyata keçid mərhələsi başlanılıb. Bu prioritetlər qəbul edilənə qədər isə Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasını şərtləndirən müqavilə (9 yanvar 2020-ci il) əsasında 2022-ci il yanvarın 13-də “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Həmin il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə 4 anlaşma memorandumu imzalanıb və “Masdar” şirkəti ölkəmizdə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) layihəsini reallaşdırıb. Stansiyanın hər il yarım milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulub.
Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi planlaşdırılıb.