21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxır.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 7-ci oyununu Lüksemburq yığmasına qarşı keçirəcək.
Səfərdə baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi Desire Qrundbaxer olacaq. Ona yan xətt hakimləri Mattias Sbrissa və Gillom Maire kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anojen Kanaqasinqam yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan millisi bu seçmə mərhələdə qazandığı yeganə qələbəyə məhz Lüksemburqla ev oyununda imza atıb – 3:2. İndi komandamız bu rəqibini səfərdə də yenməyə çalışacaq.
Azərbaycan yığması bu seçmə mərhələdə keçirdiyi qalan oyunların hamısından məğlub ayrılıb. Millimiz Ukraynaya səfərdə 0:1, evdə 0:3, Serbiyaya səfərdə 0:2, Şimali İrlandiyaya evdə 0:1, İngiltərəyə evdə 1:5 hesabıyla uduzub.
Lüksemburq yığması isə bu seçmə mərhələyə Şimali İrlandiya üzərindəki səfər qələbəsi (1:0) ilə başlasa da, sonra bunun davamını gətirə bilməyib. Bu komanda Serbiya ilə ev oyununda da heç-heçəyə nail olub – 0:0. Qalan 6 oyun isə məğlubiyyətlə yekunlaşıb.
F qrupunun bu gün baş tutacaq digər görüşlərində Ukrayna yığması Serbiyanı qəbul edəcək, İngiltərə millisi isə Şimali İrlandiyanın qonağı olacaq.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
6 sentyabr
Lüksemburq – Azərbaycan
Baş hakim: Desire Qrundbaxer
Baş hakimin köməkçiləri: Mattias Sbrissa, Gillom Maire
Dördüncü hakim: Anojen Kanaqasinqam (Hakimlər briqadası İsveçrədəndir)
Emil Mayriş stadionu. Saat 21:30.
Xal: Ukrayna – 18. İngiltərə – 18. Serbiya – 10. Şimali İrlandiya – 6. Lüksemburq – 4. Azərbaycan – 3.