Baydenin oğlu cinayətini etiraf edib: Hunteri 17 ilə qədər həbs cəzası gözləyir
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden 1,4 milyon dollarlıq vergidən yayınma iddiası ilə açılan federal vergi işində ona qarşı irəli sürülən 9 ittihamın hamısını qəbul edib.
Reyting.az xəbər verir ki, Los Anceles Federal Məhkəməsinin hakimi Mark Skarsi Hunter Baydenin 17 ilə qədər həbs və 450 min dollara qədər pul cəzasına məhkum edilə biləcəyini deyib. Onun sözlərinə görə,qərar dekabrın 16-da qəbul ediləcək.
Cinayət işlərində təqsirli bilinən müttəhimlərin prokurorlarla razılaşaraq daha az cəza ala bildiyi ABŞ-da bu üsula hakim qarşısına çıxmaq istəməyən insanlar tərəfindən üstünlük verilir. Bildirilir ki, Hunter Bayden 5 noyabrda keçiriləcək prezident seçkiləri öncəsi atasına və Demokrat Partiyasına qarşı siyasi təsir vasitəsi kimi istifadə oluna biləcək detalların həftələrlə davam edən dinləmələrdə üzə çıxmasının qarşısını almağı hədəfləyir.
Əvvəllər narkotik və alkoqol asılılığı ilə mübarizə aparan Hunter Bayden Ədliyyə Nazirliyi tərəfindən ona qarşı irəli sürülən iddiaları araşdırmaq üçün təyin edilmiş xüsusi prokuror David Veiss ofisi tərəfindən Kaliforniyada 1,4 milyon dollar vergidən yayınmaqda ittiham olunur.
İttihamnamədə 3-ü ağır olmaqla 9 vergi ittihamı ilə üzləşən H. Baydenin 2017 və 2018-ci illərdə 1,4 milyon dollar federal vergi ödəmədiyi və saxta vergi bəyannamələri təqdim edərək vergidən yayındığı bildirilir.
H. Bayden vergiləri vaxtında ödəmək əvəzinə, pullarını dəbdəbəli avtomobillərə, narkotiklərə və ekstravaqant otellərdəki fahişələrə xərcləməkdə ittiham olunur.
E. KAMAL