AZ

Ekspert: Azərbaycanı müharibəyə təşviq etmək istəyirlər

Sərhəddə təxribatın məqsədi vəziyyəti gərginləşdirmək, yeni münaqişə ocağı yaratmaqdır
 
 
 Azərbaycan-Ermənistan şərti sərhədində növbəti dəfə təxribat baş verib. Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
 Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi, delimitasiya prosesi ilə bağlı məsələlər gündəmə gətirilsə də, iki ölkə arasında gərginlik olduğu kimi davam edir.
Ermənistan sərhəd ərazilərə hərbi birləşmələr yerləşdirməyə başlayıb. Dərinləşdirilmiş müdafiə xətləri, raketlər, artilleriyalar əraziyə yerləşdirilir, bunkerlər tikirlər. Erməni siyasətçilər daima Azərbaycanın Ermənistana zərbə endirəcəyini, iki ölkə arasında sülh müqaviləsinin imzalanmayacağını iddia edirlər.
 Şərti sərhəddə törədilən təxribatlardan əlavə erməni ordusu Zəngəzurda hərbi varlığını artırır. “Bez Tormozov”un yaydığı görüntülərdə Ermənistanın Qafana hərbi texnika, xüsusən tank və BTR-lər cəlb etməsi, mövqelər və hərbi hissə yaratması əks olunub.
Regiondakı prosesləri dəyərləndirən ekspertlər isə hesab edir ki, siyasi gərginliyin artması eskalasiyaya səbəb olacaq.
 
Hərbi ekspert Ədalət Verdiyevin “Sherg.az”a açıqlamasına görə,  Ermənistanın  siyasi rəhbərliyinin ona havadarlıq edən xarici qüvvələr tərəfindən idarə edilməsi səbəbindən  sülh danışıqları istiqamətində aparılan danışıqlar nəticə vermir.  Ekspert hesab edir ki, təxribatın məqsədi vəziyyəti gərginləşdirmək, yeni münaqişə ocağı yaratmaq və bu fonda Azərbaycanı müharibəyə təşviq etməkdir: 

“İndiki vəziyyətdə Ermənistanla sülh sazişi istiqamətində danışıqların aparılması real görünmür”.
 
Ermənistanın Azərbaycanla razılığa gəlmək niyyətində olmadığını vurğulayan Ə.Verdiyev qeyd edib ki, sülhün əldə olunması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edilməli, ölkəmizə qarşı ərazi iddiaları çıxarılmalıdır: 
“Ermənistan isə prosesi ləngitməklə, ən azı yaxın 3 il müddətində Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı deyil.  Ermənistanın Naxçıvan və Kəlbəcər istiqamətində törətdiyi  təxribatlar birmənalı olaraq işğalçı ölkənin sərhəddə genişmiqyaslı eskalasiyaya hazırlaşdığını nümayiş etdirir”.

 Ermənistanın Azərbaycanla şərti sərhəd ərazilərində yeni hərbi hissələr, ağır texnika və silah-sursat kimi digər  döyüş avadanlıqları yerləşdirdiyini  əlavə edən hərbi ekspert deyib ki, əldə etdiyi silahlarla da Azərbaycan ordusunun mövqelərinə qarşı təxribat törədərək atəşkəsi intensiv şəkildə pozur.
Seçilən
28
1
sherg.az

2Mənbələr