"Benfika"nın cinah futbolçusu Anxel Di Maria Argentina millisi ilə vidalaşıb.
Publika.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Çili ilə oyundan əvvəl baş verib. Di Maria ailəsi ilə birlikdə meydana çıxıb və orada azarkeşlərlə vidalaşıb.
“İndi mən komandaya kök salan azarkeş olacağam. Bütün Amerika Kuboklarına və Dünya Çempionatlarına gedəcəyəm. Biz mütləq eyni ruhda davam edəcəyik, çünki bu komandanın böyük cəsarəti var”, - deyə Anxel vida nitqində bildirib.
Zədəli olduğu üçün bu görüşü buraxan millinin kapitanı Lionel Messi Argentinaya gələ bilmədiyi üçün ona video mesaj göndərib. Həmin görüntülər stadionda yayımlanıb.
“Ümid edirəm ki, ailən və sevdiklərinlə bu axşamdan zövq alacaqsan. Deyəcəyimiz hər şeyi dedik. Biz çox şey yaşadıq. Kimin ağlına gələrdi ki, hər şey belə bitəcək? Sənin üçün çox darıxacağıq. Tezliklə görüşərik", - deyə Messi bildirib.
Sonda futbolçular Di Mariyanı bir neçə dəfə havaya atıblar.
Qeyd edək ki, 36 yaşlı futbolçu millinin heyətində son matçını Kolumbiyaya qalib gəldikləri Amerika Kubokunun finalında keçirib.