AZ

Dünyanın diqqəti o bölgəyə yönəldi – Bir həmlə də Bakıdan gəldi

Müxtəlif ölkələrin Əfqanıstanla əməkdaşlığa marağı artıb. Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan, Türkmənistan və Tacikistan Əfqanıstanla ortaq layihələr reallaşdırmaq istəyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, bu sırada Azərbaycan da var:

“Ölkəmiz Əfqanıstanda səfirliyin fəaliyyətini bərpa edib. Baş nazirin müavini Şahin Mustafayev bir neçə gün əvvəl Özbəkistanda Əfqanıstan baş nazir vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb və iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini vurğulayıblar.

Əfqanıstanda hakimiyyətdə olan Taliban Hərəkatı xarici siyasətdə xeyli fəallaşıb. Əfqanıstanın ağır sosial-iqtisadi durumu Talibanı beynəlxalq aləmdə tərəfdaşlığa və investor axtarmağa məcbur edir. Hələlik Talibanın ən sıx tərəfdaşlıq etdiyi ölkə Çindir. Çin 2021-ci ilin avqustunda Taliban hərəkatını diplomatik şəkildə tanıyan ilk ölkə olub. Pekinin Talibanla əlaqələrini dərinləşdirməsinin motivi var. Çini Əfqanıstanın faydalı qazıntıları cəlb edir.

Çin Əfqanıstanda mədən və minerallarla bağlı layihələr həyata keçirməyə başlayıb. Çinin dövlət tərəfindən dəstəklənən “Metallurgical Group Corp” şirkəti Əfqanıstanın əyalətlərinin birində mis mədəni zavodunun təməlini qoyub. Ancaq Əfqanıstanda heç də hamı bu zavodun açılmasını dəstəkləmir. Əyalət sakinləri zavodun çirklənməyə səbəb olacağından çəkinirlər. Çünki zavodun işləməsi üçün tələb olunacaq böyük miqdarda sudan bölgə sakinləri də istifadə edir. Buna baxmayaraq, Kabil zavodla bağlı gələcək gəlirlərini hesablayır. Əfqan hökuməti tam gücüylə işə düşəcək zavoddan ildə 300-400 milyon dollar gəlir götürməyi planlaşdırır. Bu zaman zavodun ətraf mühitə hansı zərər vuracağı diqqətə alınmır”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Taliban hazırda ancaq gəlirlər barədə fikirləşsə də, gələcəkdə Əfqanıstanın yeraltı sərvətlərindən istifadənin ətraf mühitə zərərinin qarşısının alınması barədə də düşünmək məcburiyyətində qalacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
126
teleqraf.com

1Mənbələr