İngiltərənin “Çelsi” klubunun braziliyalı sağ vingeri Anjelo Qabriel bundan sonra “Əl-Nəsr”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Əl-Nəsr” bu transferi 23 milyon avroya rəsmiləşdirib. 19 yaşlı vingerlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Anjelo Qabriel Braziliyanın “Santos” klubunun yetirməsidir. “Çelsi” onu 2023-cü ilin iyul ayında 15 milyon avroya transfer etmişdi. Amma braziliyalı vinger “Çelsi”nin heyətində oyun keçirməyib. Buna onun ötən il transfer olunan kimi Fransanın “Strasburq” klubuna icarəyə verilməsi səbəb olub. Gənc futbolçu geridə qalmış mövsümdə Liqa 1 təmsilçisinin heyətində 25 oyuna çıxıb, 4 assistlə yadda qalıb.
Anjelo Braziliyanın U-16 yığmasında da forma geyinib, hazırda isə U-20-yə dəvət alır.
“Çelsi”nin albaniyalı hücumçusu Armando Broya da “Everton”a keçib. Sözügedən klub 22 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Armando Broya “Tottenhem” və “Çelsi” klublarının yetirməsidir. O, “zadəganlar”ın əsas komandasında 38 oyuna çıxıb, 3 qol və 2 assistlə yadda qalıb.
Broya daha öncə “Sauthempton”, “Vitess” və “Fulhem” kimi klublarda da icarədə oynayıb.
Armando Broya Albaniyanın U-19 və U-21 yığmalarında da oynayıb. O, 2020-ci ilin sentyabr ayında debüt etdiyi əsas millinin heyətində 23 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.