AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidləri

Birinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında rəsmi rəqəmlərə görə, 11557 Azərbaycan hərbçisi həlak olub. Müharibənin xronologiyasına nəzər yetirsək, Azərbaycan tərəfi daha çox  itkini Ağdam döyüşləri və Kəlbəcər əməliyyatı zamanı verib.  

Döyüşlərdə şəhid olmuş hərbçilərimizin əksər hissəsinin nəşi dəfn olunsa da, bəzilərinin meyitləri hələ də axtarılır. 44 günlük Vətən müharibəsindən sonra, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin başında məhz itkin hesab olunan şəhid hərbçilərimizin cəsədlərinin aşkar edilməsi dayanır. Ümumilikdə Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş hərbi qulluqçuların sayı 3503 nəfərdir. Onların bəzilərinin nəşi artıq tapılıb. İtkin hesab olunanların əksər hissəsinin döyüşlər zamanı şəhid olduğu ehtimal edilir. Bu mövzuda beynəxalq təşkilatların da məlumatlandırılması olduqca vacibdir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir götürlmüş və öldürülmüş hərbçilərlə bağlı Beynəxalq Cinayət məhkəməsinə əldə olunmuş sübutlar əsasında müraciət edib: vakansiya 2023

“Birinci Qarabağ müharibəsində şəhid olmuş və itkin düşmüş hərbçilərimizin ölüm faktı çox öncədən təsdiq olunduğundan dolayı, bu şəxslərin statusu artıq ailələrinə təqdim olunub. Onların ehtiyacları dövlət tərəfindən müəyyən sosial təminatlarla qarşılanır və həmin ailələrə qanunvericiliyə uyğun olaraq, müəyyən statuslar verilib. 

Amma əsir və girov götürülmüş hərbçilərimizlə bağlı məsələ yerli qanunvericiliklə deyil, beynəlxalq hüquqla tənzimlənir. Bununla bağlı beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Konkret desək, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələlərlə bağlı fəaliyyətdədir. Əlbəttə, əsir götürülmüş şəxslərlə bağlı 1992-ci ildən bəri dəfələrlə müəyyən dindirmələr, əlaqələr olub, görüşlər keçirilib. 

Zaman-zaman Azərbaycan tərəfinin də əsir və girov götürdüyü şəxslərlə də müəyyən prosedurlara uyğun olaraq, dəyişdirilmiş və qaytarılıb. Amma son günlər aşkar olunan cəsədlər aktiv hərbi əməliyyatlar zamanı törədilmiş müharibə cinayətidir. Bunun birbaşa məsuliyyəti Ermənistan dövlətinin üzərindədir. Azərbaycan dövləti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsi – Haaqa məhkəməsinə bununla bağlı müraciət olunub. Müharibə vaxtı Ermənistanda təmsil olunan rəhbərliyin faktiki olaraq, məsuliyyətə cəlb olunması və barələrində araşdırmanın aparılması ilə bağlı ərizələr sübutlarla birlikdə təqdim olunub”.

Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyindən Qiyas Şahmuradov bu istiqamətdə beynəlxalq qurumların fəaliyyətini tərəfli adlandırıb:

“Biz ictimai birlik olaraq, bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara, qurumlara müraciət etmişik. Lakin bunların hamısı demək olar ki, nəticəsiz qalıb. Çünki xarici təşkilatların əksəriyyəti birmənalı olaraq, ermənipərəstdir. 

Məlum olduğu kimi, bir çox təşkilat orada siyahı müəyyən edib və qeydiyyat aparıb. Lakin yenə də, həmin insanlarla bağlı konkret məlumat yoxdur. Bu onu göstərir ki, təşkilatlar Ermənistan əleyhinə hər hansısa bir fəaliyyətdən imtina edir. Şəhid olan, lakin nəşi tapılmayan hərbçilərimizlə bağlı axtarış fəaliyyətlərinə vaxtilə həmin döyüşlərdə iştirak edən keçmiş veteranların köməyindən istifadə etmək lazımdır. Bizim birlikdə olan keçmiş döyüşçülər və veteranlar da bu istiqamətdə dəstəyini əsirgəmir. Döyüşlərin harada baş verməsi, itkilərin harada olduğunu tam dəqiq onlar bilirlər. Digər tərəfdən ermənilər öldürülmüş və ya əsir götürülmüş hərbçilərimizin bir çoxunu yanıdırıb. 

Bu səbəbdən bəzi şəhidlərimizin meyitlərini tapmaq olduqca çətindir. Ermənilərin müharibə zamanı etdiyi vəhşiliklər, amansızlıqlar hamımıza məlumdur. Son vaxtlar daha çox hərbçimizin və mülki vətəndaşımızın nəşi aşkar edilib. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının fəaliyyəti mütəmadi davam edir. Biz də Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi olaraq, dəstəyimizi hər zaman göstərəcəyik”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Seçilən
108
50
yenisabah.az

10Mənbələr