AZ

Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri: Öd daşı xəstəliyinə ağır fiziki əməklə məşğul olan insanlarda daha az rast gəlinir

Elmi

Bakı, 6 sentyabr, AZƏRTAC

Hipodinamiya və adinamiya ilə bağlı olaraq insanlarda xolelitiazın inkişafına dair fikirlər mövcuddur. Bəzi insanlarda, məsələn, həftədə 40 saat televizora baxanlarda və digər oturaq işi olanlarda öd daşı xəstəliyinin əmələgəlmə riski iki dəfə çox olur. Öd daşı xəstəliyi ağır fiziki əməklə məşğul olan əhali qrupu arasında daha az rast gəlinir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, öd daşı xəstəliyinin qəbul olunan xarici risk faktorlarına, həmçinin sürətli urbanizasiya nəticəsində həyat və qidalanma rejiminin birdən–birə dəyişməsi və s. aid edilə bilər.

Ə.Məmmədov qeyd edib ki, xəstəliyin klinik əlamətləri daşın harada yerləşməsi, ölçüsü, tərkibi, miqdarı, yanaşı olaraq infeksiyanın qoşulması, öd yollarının funksional vəziyyəti, həzm traktının başqa sistemlərinin nə dərəcədə zədələnməsindən asılıdır: “Daş öd yollarında olarsa, ağrının intensivliyi daha davamlı olur və mexaniki sarılıq əlamətləri ilə (skleranın saralması, sidiyin tündləşməsi və s.) özünü göstərir. Ağrı tutmaları adətən qidalanma rejimi pozulduqda (cox yemək, yağlı qida və yumurtadan istifadə və s.), fiziki və əsəbi gərginlik nəticəsində meydana çıxır. Ağrı tutmaları əksər hallarda qarında köp, ürəkbulanma və qusma ilə müşahidə olunur. Həmçinin yüksək hərarət, üşütmə halı ola bilər. Bu da xolangit və ya xolesistitin olmasına dəlalət edir. Ahıl və yaşlı adamlarda xəstəliyin gizli forması daha xarakterikdir. Belə xəstələr uzun müddət periodik olaraq, xüsusən qidalanma rejimi və qida rasionu pozulduqda, sağ qabırğa altında, əsasən sağ çiyinə, kürəyə, ürək nahiyəsinə irradiasiya edən (yayılan) küt ağrılardan və xoş olmayan hissiyyatdan şikayətlənirlər. Öd daşı xəstəliyinin yaşlı adamlarda atipikliyinə səbəb patoloji prosesə digər qonşu orqanların da (onikibarmaq bağırsaq, mədə, qaraciyər, mədədaltı vəzi, bağırsaq) cəlb olunması ilə əlaqədardır”.

“Öd daşı xəstəliyinin tam və dəqiq diaqnozu kompleks yanaşma yolu ilə xəstənin şikayətləri, ətraflı fiziki yoxlamalar, bir sıra laborator və instrumental müayinələr əsasında müəyyən edilir. Diaqnozun vaxtında aşkar olunması olduqca vacib məsələdir. Yuxarıda qeyd olunduğu kimi, öd daşlarının əmələ gəlməsi daşların öd kisəsində görünməsindən çox əvvəl başlayır. Ona görə də problemi tibbi-bioloji və sosial-gigiyenik baxımdan araşdıraraq, xəstəliyə səbəb olan risk faktorlarını aşkar etmək, vaxtında və düzgün kompleks profilaktik tədbirlər həyata keçirmək və müsbət nəticə əldə etmək mümkündür”, - deyə Ə.Məmmədov əlavə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
azertag.az

2Mənbələr