AZ

SADIQCAN: Qafqazın birinci tarzəni

Artıq 4-cü ildir ki, görkəmli tarzən Mirzə Sadıq Əsəd oğlu Sadıqcanın doğum gününü doğulduğu Şuşanın azadlığı ilə, ümumilikdə Zəfərli Vətənimizdə anırıq. Qarabağ Zəfəri dağından-daşından, çəmənindən-gülündən, havasından-suyundan, tarixi abidəsindən-yerlərindən, məscidindən-pirindən tutmuş bu yerlərin böyük şəxsiyyətlərinə kimi, ilhamını Şuşanın başı dumanlı dağlarından, yaşıl ətəyindən, allı-güllü çəmənindən, Ağdamın bəyaz atlılarından, Füzulinin adaşı Füzulidən, Xudəfərinin Araza sevdasından, Suqovuşanda görüşən sulardan, Laçının dolanbaclarından, Kəlbəcərin şiş papaqlı dağlarından, Zəngilanın bir-birinə çiyin verən meşələrindən alan sənət adamlarına qədər hər bir canlıya ikinci həyat verir.

Qarabağın 30 illik sükutundan sonra buradan Üzeyirin ürəyimizlə qoşa döyünən melodiyaları, Xan Şuşinskinin, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün, Məcid Behbudovun, İslam Abdullayevin əsrarəngiz səsləri, Vaqifin, Natəvanın qəlbləri riqqətə gətirən misraları eşidilir. Sıxır sinəsinə Sarı Aşıq sazını, “Zəfər”dən deyir. Eləcə də Mirzə Sadığın sinəsinə basdığı tarının müşayiətində möcüzəli xalq mahnıları, muğamlar, eləcə də “Zəfər” muğamı azad yurdlarımıza yeni həyat bəxş edir...

Bu dünyadan bir Sadıqcan keçdi...

Mənbələrdən məlum olur ki, XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən böyük sevgi ilə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə “can” kimi yüksək ad və yaxud təxəllüs verilərmiş. Belə bir əzizləmə Mirzə Sadığa da müyəssər olmuşdur. Həm tarın texniki vəziyyətini təkmilləşdirdiyinə, həm də tarda və kamançada gözəl ifasına görə Sadıqcan öz dövründə “Qafqazın birinci tarzəni” kimi tanınırmış.

Sadıqcan həm kamançada, həm də tarda o dövrün məşhur xanəndələrini müşayiət edərdi. Artıq onun sorağı Qarabağdan kənara çıxmışdı. Cənubi Qafqazda, Şərq dünyasında Sadıqcanı yaxşı tanıyırdılar. Onu tez-tez öz məclislərinə, toylarına, xeyir işlərinə dəvət edərdilər. Sadıqcanın adı Cabbar Qaryağdıoğlu kimi xanəndə ilə yanaşı çəkilirdi.

Bəstəkar Əfrasiyab Bədəlbəyli Sadıqcanın bəzən sağ əlini (mizrab olmadan) istifadə etmədən, sol əlinin barmaqları ilə fərqli səslər yaratmasını, simlərə xüsusi bir şəkildə vuraraq və ya basaraq müxtəlif səslərin uzanması üçün pərdələri çəkməsini söyləyirdi. Bu fikri təsdiqləyən daha bir fakt da var. Tarzən Bəhram Mansurovun atası olan Məşədi Süleyman bəy Mansurov Sadıqcanı belə xatırlayırdı: Onun tarla möhtəşəm ifası insanlar üzərində bir növ anlaşılmaz gücə malik idi. O, mizrab olmadan, virtuoz kimi tarı çənəsinə qaldırıb, bəzən isə tarı boynunu əyib çalırdı. O, həm də bəzən aşıqlar kimi, tarı başının üzərinə qaldırırdı. Buna bənzər digər faktı isə musiqi tədqiqatçısı Əbdülhəmid Babayev söyləyirdi: Mən ilk dəfə Sadıqcanı 1897-ci ildə Bakıda – İçərişəhərdə Hüseynbəy Ağayevin toyunda gördüm. Cəmi Qafqazda belə gözəl tar çalan olmayıb. Sadığın çox gözəl camalı var idi. Ucaboy, enlikürək və cüssəli idi. O, məclisə çox ədəb və ərkanla girərdi. Camaat ona sonsuz hörmət bəslərdi. Onun əlində o qədər qüvvə var idi ki, tarı çox zaman mizrabsız çalardı.

Diz üstündən sinəyə

Tarın adı hər zaman muğamlarımızla qoşa çəkilib. Yəni muğamsız tar, tarsız muğamın olması təsəvvürlərə belə gələ bilməz. Əfrasiyab Bədəlbəylinin dediyi kimi: “Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi tarixində yeni bir səhifə açmışdır”.

Azərbaycan muğamının inkişafı tarixində misilsiz xidmətləri olan Sadıqcan musiqi mədəniyyətimizin həm də novatoru olmuşdur. Azərbaycan musiqi tarixinin tədqiqatçısı Firudin Şuşinski yazırdı ki, Sadıqcan tarın təkmilləşdirilməsi üzərində işləyərək quruluşunu dəyişmişdir. Tarın qolunda olan bir çox artıq pərdələri atıb, 17 pərdə saxlamış, səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cinkənə simi əlavə etmişdir. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim də artırmışdı. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla “lal barmaq” üslubunu da icad etmişdi. Sadıqcana qədər tarın beş simi var idi. O, tara altı sim də əlavə edərək 11-ə çatdırdı. Onun yaratdığı yeni tar daha gözəl, daha mükəmməl hesab olunurdu.

Həm də o zaman tarı adət üzrə diz üstündə qoyub əyilərək çalardılar. Sadıqcan bu bəsit qaydanı sıradan çıxararaq həmin alətin tarixində ilk dəfə onu sinə üzərində çalmağa başladı. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib.

Tarın dilini bilən, muğamlarımıza yaxından bələd olan bu sənətkarın bənzərsiz qabiliyyəti möcüzə hesab olunan başqa bir hadisədə də öz əksini tapmışdır. Bu, bir istedaddanmı, Allah vergisindənmi irəli gələn möcüizə imiş, bilmirəm, amma şahidlər nağıl edir ki, Sadıqcan qaratoyuğa bir neçə kiçik təsnif və mahnıları öyrədə bilibmiş. Bu barədə Qurban Pirimov yazırdı: “Bir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülablıdan bir bülbül gətirim. Mən də bir şeyda bülbül, bir də qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü qoyub. Özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O qaratoyuqların çöldə oxumalarına bənzəyən bir təsnif çalırdı. Güzgüdə öz şəklinə tamaşa edən qaratoyuq birdən başladı oxumağa. Mən təəccübdən yerimdə quruyub qaldım. Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi”.

Şuşada Sadıqcanın evi bərpa olunur

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması müjdəsini xalqımıza Bakıda-Şəhidlər Xiyabanından verən, Qarabağı Şuşasız təsəvvür etməyən Ulu Öndər Heydər Əliyevin Qarabağın işğaldan azad olunması ilə bağlı vəsiyyətini xatırladan və ata vəsiyyətinə əməl etdiyini qürurla söyləyən dövlətimizin başçısının Şuşaya hər səfəri bu gözəllər gözəli şəhərin yeni bir abad ünvanı ilə tarixləşir. İki il əvvəl mayın 10-da Ümummilli Liderimizin doğum günündə Qarabağın baş tacı Şuşada olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada bir sıra obyektlərin açılışında iştirak etmiş, bərpa işləri ilə maraqlanmışlar. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı ev də bərpa olunanlar sırasındadır. Sadıqcanın evində bərpa işlərini humanistlik, qayğıkeşlik, yenilikçilik rəmzi, dövlətimizin inkişafında xüsusi yeri olan Heydər Əliyev Fondu həyata keçirir.

Qədim muğamlarımızdan “Zəfər” muğamına

Qarabağ Zəfəri ilə Sadıqcan tarına yeni bir sim əlavə etdi, 12-ci simi-Zəfər simini. Bu sim qəlbimizin sarı simidir- həm hicran, həm vüsaldır, həm kədər, həm sevincdir. Bu sim 30 ilin qara sevdası, 44 günün sevdasıdır. Bu sim həm övlad dağı, həm də qürur dağıdır. Şəhiddir, qazidir, lakin həm də Vətən sevgisi, yurd məhəbbətidir. Anaların qara yox, al şalıdır-qürur şalıdır. Ataların oğul təşnəsi yox, torpaq-namus, şərəf xilaskarıdır. Bu sim anası Azərbaycana 30 illik həsrətdən sonra qovuşan Qarabağdır. Zəfərdir, ordudur, əsgərdir, müzəffər sərkərdədir. Məşhur tarzən, bəstəkar, böyük sənətkar Sadıqcanın Azərbaycan tarının ahəngdarlığı üçün 5-dən 11-ə qaldırdığı, daha təsirli etməsi üçün artırdığı 12-ci simdir. Zəfər nəğməsi yalnız o simlə ifa olunur indi. Bu səs Qarabağın bütün ellərinə azadlıq nəğməsini yaydıqca, onu yaradan sənətkar haqqında da söhbət açmağa səbəb yaradır.

Tək milli musiqi aləti tara yox, eyni zamanda milli musiqimiz muğama da bir sıra yeniliklər gətirən Sadıqcan “Segah” muğamını inkişaf etdirərək ona “Zabul” pərdəsini, “Mirzə Hüseyn” segahına isə “Müxalif”i əlavə etmiş, “Mahur”u daha da təkmilləşdirmişdir. Sadıqcanın bu ixtirasından sonra istər bəm, istərsə də yüksək səs diapazonuna malik xanəndələrə “Zabul”u oxumaq daha əlverişli olmuşdur. Çünki yenə də musiqişünasların dediyinə görə “Segah” muğamını tamam-dəstgah (yəni “Mayei-zabul”, “Manəndi-Müxalif”, “Orta Segah”, “Məxluq”, “Şikəsteyi-fars”, “Mübərriğə”, “Ərağ”, “Yədi hasar”, nəhayət, “Aşiqi-guş” şöbəsindən sonra təkrar “Zabul”a qayıtmaq) oxumaq üçün “Zabul-segah” öz həcmi etibarı ilə xanəndəyə daha gözəl şərait yaradır.

Sadıqcandan əvvəl “Mahur” muğamının bir dəstgahı mövcüd idi. Sadıqcan “Mahur”a “Mahur-Hindi” və ”Orta Mahur” dəstgahlarını əlavə etmiş, “Orta Segah” və “Bayatı-Şiraz”muğamlarına bir neçə rəng bəstələmişdir.

Sadıqcan tarımıza 12-ci simi əlavə etməklə “Zəfər” adlı muğamımızın ifasına həyat verdi. Qoy bu sim heç susmasın, “Zəfər” muğamını səsləndirsin. Bu səs öz gücünü Qarabağa yeni həyatın qayıtmasından, bütöv Azərbaycandan, vətənpərvər gənclərimizdən, ölməz şəhidlərimizdən, igid qazilərimizdən, ətrafında sıx birləşdiyimiz müzəffər sərkərdəmizdən alır. Qoy bu “Zəfər” muğamı heç susmasın. Susmasın ki, yaxınlıqdakı düşmənin qulaqlarını hər an məğlubiyyət acısı ilə “oxşasın”.

Mətanət Məmmədova

Seçilən
87
sesqazeti.az

1Mənbələr