Sentyabrın 5-də Baku Book Center-də Azərbaycan, Litva, Almaniya, Türkiyə, Çexiya və Böyük Britaniyadan olan gənc müəlliflərin hekayələrindən ibarət "Mədəniyyətlərarası dialoq: humanist dəyərlər" adlı toplunun təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, kitab, AYB-nin üzvləri Səbinə Zülalova və Ülviyyə Axundovanın təsis etdiyi "Smart Community" beynəlxalq intellektual platformasının təşkil etdiyi "Sevgi haqqında 5 səhifə" ədəbi müsabiqəsinin nəticəsidir. Nəşrdə tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb.
Tədbirin açılışında Ülviyyə Axundova və Səbinə Zülalova layihə haqqında məlumat veriblər. Aparıcı və bloqer Natella Kərimova, aktyor və ssenarist Azər Aydəmir, yazıçılar Leyla Bəyim, Anara Axundova və başqaları musiqinin müşayiəti ilə kitaba daxil edilmiş hekayələri oxuyublar. Baku Book Center-in direktoru Günel Anarqızı, Xalq yazıçıları Çingiz Abdullayev və Natiq Rəsulzadə, "Çaşıoğlu" nəşriyyatının direktoru Rəhilə Soltanqızı layihənin istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasına xidmət etdiyini vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıblar.
Təqdimatda, həmçinin layihənin ən gənc iştirakçısı Məryəm İsmayılovanın tamaşaçılara videomüraciəti təqdim olunub.