AZ

10 əsas məsələ: İlham Əliyev ənənəvi müxalifətə necə qalib gəldi? - ANALİZ

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir, mərhum Əbülfəz Elçibəyin hakimiyyət komandasının üç əsas üzvlərindən biri Pənah Hüseyn siyasi görəvindən istefa verməsi barədə xəbərlər yayıldı. Daha sonra keçmiş baş nazir bu məlumatların səhih olmadığını açıqladı. Son parlament seçkiləri fonunda bu yalanlama Elçibəy hakimiyyətinin aparıcı fiqurlarının çağdaş siyasi sistemdəki yerini və rolunu sorğulamağa əsas yaratdı.

Bu gün Elçibəy hakimiyyətində yüksək ranqda təmsil olunmuş üç əsas fiqur siyasi fəaliyyətdədir və özləri istəsə də, istəməsə də bir illik oxlakratiyanın mənəvi-siyasi məsuliyyətini çəkməyə məhkumdurlar. Bu isimlər Müsavat Partiyasının yenidən postuna qayıtmış başqanı, sabiq parlament sədri İsa Qəmbər, eks baş nazir Pənah Hüseyn, keçmiş dövlət katibi Əli Kərimlidir.

Son parlament seçkilərində bu isimlərin hər biri fərqli taktika seçdi. Əli Kərimli kağız üzərində qalmış partiyasını seçkilərə qatmadı, İsa Qəmbər daha fərqli siyasi texnologiyaya üstünlük verərək seçkilərdə həm iştirak etdi, həm də etmədi, Pənah Hüseyn isə birbaşa deputatlığa namizəd oldu.
Tərəfdarları tərəfindən onların hər birinə öygülər yağdırıla, siyasi rəqabət şəraitində opponentləri tərəfindən ünvanlarına ən müxtəlif ittihamlar irəli sürülə bilər. Bunlar təbiidir. Amma o da danılmaz faktdır ki, hər üç isim gənclik illərindən bu yana siyasi proseslərin içində və önündədirlər, çoxmilyonlu proseslərdə nə zaman risk alacaqlarını təcrübə etmiş, zaman-zaman siyasi tendensiyalar yaradan, maraqlarına uyğun fürsətləri “göydə tutan və cəmiyyətin ən müxtəlif qatlarını yaxından tanıyan fiqurlardırlar. Son parlament seçkiləri bu fiqurların və onların düşərgəsində hələ də qalanların tarixi məğlubiyyətə düçar olduqlarını üzə çıxardı.

Pənah Hüseyn həmişə təkdir, onun siyasi enerji mənbəyi partiyası deyil, prosesləri yönləndirmə bacarığı- müxalifətin taktiki və strateji addımlarının müəyyən olunmasında kombinator rolunu oynamasıdır. Pənah Hüseyn son seçki prosesinə də məhz “kombinator” kimi qatılmışdı, amma umduğunu bula bilmədi. Çünki…

İsa Qəmbər yenidən başqanlığa böyük ehtimalla deputat olmaq üçün qayıtmışdı. Amma onun deputat olmaqdan daha ziyadə bir tarixi missiyası var- Müsavat irsini ən zəif halında olsa belə, qorumaq! Elə bu səbəbdən də onun başqanı olduğu partiya seçkilərdə həm iştirak etdi, həm də etmədi. İsa Qəmbər və Müsavatın rəhbərliyi bu seçkilərdən yayınmaq istədilər. Çünki...

Əli Kərimlinin partiyası-filan yoxdur. “AXCP”, “Milli Şura”, “fədakar müxalifətçilik”- bütün bunlar virtuallaşan Əli Kərimlinin çevrəsindəki marginallara verdiyi təsəllidən başqa bir şey deyil. Hətta dərindən təhlil etsək, nə Əli Kərimli onlara, nə də onlar Əli Kərimliyə lazımdır. Sadəcə, proseslər Gültəkin Hacıbəyli və Tofiq Yaqublunu Əli Kərimliyə, Əli Kərimlini də Cəmil Həsənliyə ilgəhləyib. Onlar nə birlikdə, nə də ayrı-ayrılıqda bütün toplumlara xas olan müxalifət ehtiyacını qarşılayan özəlliklərə sahib deyillər. Çünki...

İndi bu “çünki”ləri izah edək.

İlham Əliyev artıq 21 ildir ki, dövlət başçısıdır. Həm fərdi, həm də sosioloji baxımdan toplumu öz yüksək liderlik keyfiyyətləri ilə yeni bir məcraya yönləndirən İlham Əliyev 10 istiqamətdə YENİ AZƏRBAYCAN yaradıb. Odur ki, ilk növbədə bu sual üzərində düşünmək gərək: YENİ İCTİMAİ MÜƏSSİSƏdə sıradan bir vətəndaş İlham Əliyevi niyə dəstəkləyir, onun artıq tarixin arxivindən boylanan müxaliflərini niyə dəstəkləmir?

1. Suverenliyin genişlənməsi

İlham Əliyevin liderliyi altında Azərbaycanın milli istiqlalı və dövlət suverenliyi əhəmiyyətli dərəcədə güclənib. Onun iqtidarı dövründə ölkə beynəlxalq səviyyədə müstəqil siyasət yürüdüb, milli maraqlarımızı qorumaq və inkişaf etdirmək yönündə uğurlu addımlar atıb. Bu addımlar müstəqil Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirib və ölkəmizin suverenliyini qorumaq üçün zəmin yaradıb. İlham Əliyevin xarici siyasəti Azərbaycanın qlobal səhnədə etibarlı tərəfdaş kimi tanınmasına gətirib çıxarıb.

Bu müddətdə müxalifət Azərbaycanın müstəqilliyini və milli maraqlarını gücləndirməyə xidmət edən konkret strategiyalar təqdim edə bilmədi. “Təki iqtidara gələk” prinsipi ilə dövran vurmadıqları ocaq başı qalmadı. Hakimiyyətin xarici siyasətdəki rasional manevrlərini tənqid etsələr də, öz alternativ platformalarını ortaya qoya bilmədilər. Beynəlxalq arenada ölkənin mövqeyini yaxşılaşdırmaq üçün tətbiq oluna biləcək bir plan təqdim etməmələri, əvəzində “məxməri inqilab layihələr”inə ümid edərək soroslaşmaları son nəticədə milli müqəddəratı düşünən kəsimlərin müxalifətdən üz döndərməsinə rəvac verdi.

2. Sabitlik və təhlükəsizlik

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bölgədə təhlükəsizliyi təmin edən, stabil bir ölkə kimi tanınır. Onun siyasəti daxili və xarici təhlükələrə qarşı effektiv tədbirlərlə vətəndaşlara təhlükəsiz bir mühit təqdim edir. İlham Əliyev dövründə həyata keçirilən təhlükəsizlik tədbirləri və sabitlik siyasəti, ölkənin sosial və iqtisadi inkişafına müsbət təsir göstərir.

Müxalifət isə, ölkədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün konkret tədbir və planlar təqdim edə bilmir. Onlar təhlükəsizlik məsələlərini yalnız kritik baxışla qiymətləndirir, lakin mümkün risklərə qarşı müfəssəl və praktik tədbirlər barədə təklif vermirlər. Tam əksinə, təklif etdikləri “inqilab modelləri” və dini radikal qruplarla inteqrasiya cəhdləri ölkəni xaosa sürükləyə bilər.

3. Milli kimliyin qorunması

İlham Əliyev Azərbaycan tarixinin və milli kimliyinin qorunmasına və inkişafına böyük əhəmiyyət verir. O, saxta və mifoloji tarix yaratmır, istər pozitiv, istərsə də neqativ olsun, tarixi gerçəklərlə üzləşməkdən çəkinmir. Ilham Əliyev istənilən diskursda AZƏRBAYCANLI BAXIŞI təqdim edir. Onun bu baxışı milli irsin qorunmasını və inkişafını təmin edir, həmçinin mədəniyyətin və tarixi şüurun gələcək nəsillərə ötürülməsinə kömək edir. Bu yanaşma ölkənin mədəni müxtəlifliyini və tarixi dəyərlərini gücləndirir, xalqlaşmanı yeni mərhələyə daşıyır.

Müxalifət partiyaları milli kimliyin qorunması və inkişafı ilə bağlı konkret və genişmiqyaslı yanaşma sərgiləmir, uydurma tarixi şüur spekulyasiyaları içində əriyir, rasional paradiqma qura bilmirlər. Bu yanaşma müxalifətin milli kimlik və milli kimlikdən doğan hədəflər uğrunda strategiya müəyyən etməsinə imkan vermir.

4. İqtisadi inkişaf və infrastruktur layihələri

İlham Əliyevin dövründə iqtisadi islahatlar və infrastruktur layihələri həyata keçirilib. Nəticədə ölkənin iqtisadi dayanıqlılığı artıb. Neft-qaz sektorunun inkişafı, həmçinin genişmiqyaslı infrastruktur layihələri – məktəblər, xəstəxanalar, inzibati binalar, yollar, körpülər və digər obyektlər,- ölkənin iqtisadi inkişafını dəstəkləyib və vətəndaşların həyat səviyyəsi yaxşılaşıb. Bu layihələr, iqtisadiyyatın şaxələndirilməsinə və regionların inkişafına mühüm töhfələr verib.

Müxalifət iqtisadi inkişafa və infrastruktur layihələrinə ancaq ağız büzüb. İqtisadiyyat əksər hallarda müxalifət üçün anlaşılmaz sferadır.

Seçilən
168
aznews.az

1Mənbələr