AZ

Tovuzda qadınlar kooperativ yaradıb

Tovuz rayonunda bir qrup qadın kooperativ yaradıb, artıq ilk gəlirlərini əldə edib.

Bunu Vətəninfo.az-a açıqlamasında Tovuz Qərb Yenilikləri Kənd Təsərrüfatı İstehsal və İstehlak Kooperativinin sədri Taliya Masimova bildirib.

“Azərbaycanda qadınlar kooperativdə birləşmə ənənəsi yox dərəcəsindədir. Bu kooperativlə artıq qadınların sahibkarlıq ənənələri yaranır. 4 nəfərlə fəaliyyətə başlayan kooperativin artıq 20-dən çox üzvü var”, – deyə o qeyd edib.

“Koronavirus (COVID-19) pandemiyasından əvvəl belə bir təcrübə Türkiyədə var idi. Bu ölkənin regionlarından birində qadınların birgə məhsullar istehsal edib satdıqlarını gördüm. Yerli bələdiyyə onlar üçün hətta bina ayırıb. Həmin yer turizm mərkəzi kimi tanınır. Qadınlar orada məhsullarını həm yerli sakinlərə, həm də turistlərə satır, bununla da ölkədə turizmin inkişafına dəstək olurlar”, – deyə T.Masimova əlavə edib.

İxtisasca müəllim olan sədr Tovuzun kənd məktəblərində uşaqların sayının və paralel olaraq onun işinin də azaldığını, buna görə də boş vaxtının çox olduğunu deyib: “Bu çox ailələr Bakıya köçdüyü üçün mənim boş vaxtım çox olurdu. Tədricən məndə ideya yarandı ki, koopeartiv yaradaq və rayonda qalan ailələrə dəstək olaq. Başlanğıc üçün ən yaxşı fikir kartof əkmək idi. Çünki kartof Azərbaycanda buğdadan sonra ikinci strateji məhsuldur. Odur ki, 30 hektar ərazidə kartof əkdik və 300 ton məhsul əldə etdik, elə sahədə də satdıq. İndi isə çalışırıq ki, hər cür məhsul əkək. Bununla yanaşı, kooperativdə birləşən qadınlar onlara lazım olan, ehtiyac duyduqları məhsulları bir-birlərindən alırlar. Yəni, özləri də bir-birlərinə dəstək göstərməyə çalışırlar”.

Onun sözlərinə görə, bu müddətdə Kənd Təsərrüfatı Nazirliyi kooperativə “AFAQ” (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində dəstək göstərib: “Layihə çərçivəsində kooperativ üzvü olan qadınların hər birinə arı ailələri verilib, onlara arı saxlamaqla bağlı təlimlər keçirilib. Bundan başqa, nazirliyin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Şəhərdən Kəndə” layihəsi icra edir. Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlar yaradılmasıdır. Bizim kooperativin üzvlərinin də geniş bağları var. Onlar da bu layihəyə qoşulmaq istəyərlər. Ümumiyyətlə, Tovuzun turizm potensialı çox böyükdür. Halbuki, Qərb bölgəsi turizm zonası olaraq tanınmır. Tovuz turizm zonası kimi kəşf edilməyib. Bu layihə həm də rayonun turizm zonası kimi kəşfinə dəstək olardı”.

Seçilən
76
50
veteninfo.az

10Mənbələr