ABB avtomobil bazarı ilə maraqlanan hər kəs üçün
faydalı olacaq geniş bir hesabat yayıb. Hesabat "Avtomobil bazarına baxış: qlobal
trendlər və Azərbaycan” adlanır. Burada son 5 il üzrə dünyanın və Azərbaycanın
avtomobil sektorunda özünü göstərən əsas meyllərin təhlili aparılıb. 2023-cü
ildə ölkəmizdə hər 1000 nəfərə 171 avtomobil düşüb.
Son beş ildə "Lada”, "Mercedes-Benz”,
"Hyundai” və "Toyota” markaları Azərbaycanda qeydiyyatda olan avtomobillər
siyahısında ilk dördlükdə yer alıb. 2023-cü ildə Azərbaycana gətirilən
avtomobillərin idxal miqdarı 28%, idxal dəyəri 79% artıb. 2023-cü ildə ölkəyə
daxil olan hibrid avtomobillərin sayında 2022-ci illə müqayisədə 24.4%,
elektrik avtomobillərinin sayında isə 5 dəfə artım baş verib. Ötən il elektrik
avtomobillərinin idxal dəyərində də 6 dəfə artım müşahidə edilib.
Hesabatda ölkəmizdə ikinci əl avtomobil bazarı ilə
bağlı da ətraflı araşdırmalar var. Ölkədə istifadə edilən avtomobillərin 58%-i
istehsal tarixi 15 ildən az olan avtomobillərdir. İkinci əl avtomobil bazarının
əsas markaları VAZ-2107, "Opel Astra”, VAZ 2106, "Kia Sorento”, "Hyundai
Elantra”, "Hyundai Santa Fe”, "Hyundai Sonata”, "Chevrolet Cruze”, "Ford
Transit”, "Mercedes E 220d” markalarıdır.
Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu
cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə
etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib.
Belə ki, Bank bu il "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”,
"Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, "Rəqəmlərlə
turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabatlarını
bölüşüb.
Hesabatlarla buradan tanış ola
bilərsiniz.
www.anews.az