AZ

Zəngəzur dəhlizinə nəzarət beynəlxalq şirkətə verilə bilər? - Rəylər

Xəbər verdiyimiz kimi, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin xarici özəl şirkətə verilməsi təklifi ilə çıxış edir. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan mətbuata açıqlamasında Bakı ilə İrəvan arasında kommunikasiyaların beynəlxalq özəl şirkətin nəzarətinə verilməsi məsələsi ilə bağlı hələlik əlavə məlumat olmadığını deyib.

“Hazırda yalnız bunun mümkünlüyü müzakirə olunur. Hələlik əlavə məlumat yoxdur, təfərrüatlar müzakirə olunmayıb, bununla bağlı dəqiq razılaşma yoxdur”, - Səfəryan bildirib.



Məsələyə münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Bakupost.az -a deyib ki, Ermənistan hakimiyyəti ilk növbədə vaxtilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bunu etmək əvəzinəqeyri-müəyyən təkliflər irəli sürmək kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə mane olmaqdır:

“Mediada yayılan məlumatlardan belə aydın olur ki, onlar yalnız Ermənistan ərazisində deyil, həm də Naxçıvan ərazisində kommunikasiya əlaqələrinə nəzarət edəcək şirkətin fəaliyyət göstərməsi şərtini irəli sürürlər. Təbii ki, belə bir şərt Azərərbaycan tərəfindən qəbul edilə bilməz. Üçtərəfli bəyanatda aydın qeyd olunub ki, Ermənistan Azərbaycanın digər hissəsindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməlidir. Hesab edirəm ki, qeyri-müəyyən, manipulyasiya obyekti ola biləcək təkliflər Ermənistan-Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Ermənistanın belə bir mövqeyi regionda kommunikasiyaların açılmasına qarşı olan digər güc mərkəzlərinin də maraqlarına xidmət edir. Nəzərə almaq lazımdır ki, kommunikasiyaların açılması ilk növbədə iki ölkənin aparacağı danışıqların subyektidir. Ancaq buna baxmayaraq, Ermənistan elə bir mövqe tutur ki, bundan bölgədə davamlı sülhə maraqlı olmayan ölkələr də faydalanır”.




Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın dəhlizə nəzarətin özəl beynəlxalq təşkilata verilməsini təklif edib:

"Bu çoxdankı təklifdir, yeni deyil. Keçən ilin yay aylarında Brüsseldə Prezident İlham Əliyev, Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel bu mövzu ətrafında fikir mübadiləsi aparmışdı. Beynəlxalq Gömrük Təşkilatının bu işə cəlb edilməsi məsələsi müzakirə olunmuşdu. Biz deyirik ki, orada Azərbaycan vətəndaşlarını Rusiya və Ermənistan hərbçiləri yoxlamamalıdır, rahat keçməlidirlər. Çünki biz Azərbaycandan Azərbaycana gedirik. Ermənistan bildirir ki, biz yox, beynəlxalq təşkilatın əməkdaşları yoxlasın. Bu ətrafda fikir mübadiləsi aparıla bilər. Fikrimcə, Zəngəzur dəhlizi mövzusunun sülh müqaviləsindən çıxarılması uğurlu gedişdir. Bu, müqavilənin imzalanmasına da mane ola bilərdi. Qənaətimə görə, Paşinyan Bakının tələbi ilə Konstitusiyanı dəyişib sülh müqaviləsi imzalasa, bu, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirəcək”.

Sevinc,
BakuPost
Seçilən
122
bakupost.az

1Mənbələr