“Real”ın mərkəz müdafiəçisi Eder Militao Braziliya millisi ilə düşərgədə məşq zamanı sağ bud əzələsini zədələyib.
Arena.az bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) rəsmi saytıma istinadən məlumat verir.
Artıq müvafiq müayinənin aparıldığı və futbolçunun zədəsinin təsdiqləndiyi bildirilib.
Xatırladaq ki, Militao 2023-cü ilin avqustunda dizin çarpaz bağının yırtığı zədəsi ilə üzləşmiş və ötən mövsümün böyük hissəsini buraxmışdı. Müdafiəçi zədəsini 2024-cü ilin martında sağalda bilmişdi.
Qeyd edək ki, “Real”da Militaodan başqa Ferlan Mendi, Cud Bellingem, Dani Sebalyos, Orelyen Tçuameni də zədədən əziyyət çəkirlər.
Eder Militao “San-Paulu”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini 2024-cü ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Militao “qaymaqlılar”ın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyun keçirib.
Cari mövsümdə isə Militao “Real” üçün 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 160 oyun, 11 qol, 6 məhsuldar ötürmə. Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.
Eder Militao “kral klubu” ilə 3 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 35 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.