AZ

Cəfəng bəyanatlarla regionda qüvvələr nisbətini dəyişmək mümkün deyil

Azərbaycan lokal antiterror tədbirlərlə Qarabağda separatizm yuvasını məhv edib

Ermənistanda baş verən növbəti təhlükəli təxribatlar ictimaiyyətdə və siyasi dairələrdə haqlı olaraq ciddi narahatlıq yaratmaqdadır. Belə ki, bu günlərdə Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan bəyan edib ki, separatçı xuntanın ləğvi haqqında sənəd hüquqi qüvvəyə malik deyil və Konstitusiyaya ziddir. Onun sözlərinə görə, qondarma separatçı qurumun ləğvi barədə Fərmanın imzalanması sakinlərin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün atılan məcburi addım imiş. O, həmçinin bildirib ki, Qarabağ erməniləri geri qayıtmaq və vətənlərini inkişaf etdirmək üçün güclü istək hiss edirlər, lakin onların beynəlxalq zəmanətləri olmalıdır, bizim qayıdışımız layiqli olmalıdır. Milli Məclisin deputatı Əli Hüseynli bildirib ki, bu faktın özü Ermənistanda hüquq anlayışının mahiyyətcə yanlış yanaşmalar üzərindən dərk olunduğunu, ölkənin ana qanununun isə amorf sənədə və siyasi oyuncağa çevrildiyini göstərir: "Xuntanın keçmiş liderinin belə məzmunlu təxribat xarakterli bəyanatlar səsləndirməsi isə ilk dəfə deyil. Şahramanyan bu ilin mart ayında Fransanın "Le Figaro" nəşrinə verdiyi müsahibədə də artıq tarixin arxivinə göndərilmiş qondarma Dağlıq Qarabağ Respublikasının ləğvi haqqında Fərmanın həmvətənlərini xilas etməyin yeganə yolu olduğunu bildirmişdi. Aydındır ki, onun bu məsuliyyətsiz və absurd bəyanatları, həmçinin Ermənistanın "Sürgündə olan Artsax Hökuməti" ideyası ətrafında başladığı təhlükəli oyun elə Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi ilə Parisin hakimiyyət dəhlizlərində incələnib və gələcəkdə baş verə biləcək təxribatlara bəraət qazandırmaq məqsədi güdür.
Lakin praqmatik düşüncə belə cəfəng addımların və cəhdlərin regionda qüvvələr nisbətini dəyişə bilmədiyinə əminlik yaradır. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edib və ərazi bütövlüyünü bərpa edib. Daha sonra lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasını məhv edərək ölkənin bütün ərazilərində suverenliyini və konstitusiya quruluşunu tam şəkildə bərpa edib. Artıq güclü iqtisadi imkanlara və qüdrətli orduya malik qalib Azərbaycanın beynəlxalq nüfuzunu və rolunu dəyərləndirmək zorunda qalan dünya ictimaiyyəti də anlayır ki, sarsılmaz təməl üzərində təşəkkül tapmış bu tarixi zəfərləri heç bir vəchlə geri çevirmək mümkün deyil.
Lakin görünür, Ermənistanda Qərb sahiblərinin göstərişlərinə kor-koranə qulaq asan, "miatsum" xəyali ideyasından əl çəkməyərək Azərbaycana qarşı ərazi iddialarını hər vasitə ilə qorumağa çalışan qüvvələr öz mövqelərindən geri durmaq niyyətində deyillər. Elə buna görədir ki, rəsmi İrəvan Bakının təqdim etdiyi ədalətli şərtlər çərçivəsində sülh müqaviləsinin əsas düyün nöqtəsi olan Ermənistan Konstitusiyasına yenidən baxmaqdan imtina edir və bu məsələnin 2027-ci ilin gündəliyində nəzərdə tutulduğunu bəyan edir. Digər tərəfdən, keçmiş separatçı xuntanın Qarabağ ofisi hələ də İrəvanda saxlanılır və himayə olunur. Buradan belə nəticə hasil olur ki, Paşinyan hökuməti separatizmə öz rəğbətini nümayiş etdirir. Demək, Nikol Paşinyanın Ermənistanın guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları səmimiyyətdən çox uzaq olan boş ritorikadır, ictimaiyyətin "gözünə kül üfürmək" məqsədi daşıyır  və  təhlükəli siyasi oyunun tərkib hissəsidir. İrəvanın ekspansionist siyasəti xaricdən fəal şəkildə dəstəklənməsi və Qərbin Ermənistanı Azərbaycana qarşı yeni silahlı təxribatlara sövq etməsi ilə müşayiət olunur. Bu proseslərə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, "...görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir".
Millət vəkili qeyd edib ki, ABŞ, Avropa Birliyi və Fransanın dəstəyi yalnız İrəvana hərbi təchizatla məhdudlaşmır: "Nüfuzlu erməni mafiyasının fəallığı sayəsində ABŞ Konqresində vaxtaşırı antiazərbaycan xarakterli qətnamələr qəbul edilir. Belə ki, bu ilin iyun ayında ABŞ Konqresinin üzvləri Anna Eşu və Kris Smit DQR-də Azərbaycanın hərəkətlərini pisləyən və Qarabağ ermənilərinin vətənə qayıtmaq hüququnu təmin etməyə çağıran qətnamə layihəsi təqdim etmişlər. Amma nə ABŞ-da, nə də başqa bir qərb ölkəsində azərbaycanlı qaçqınların Qərbi Azərbaycandakı doğma yurdlarına qayıtması məsələsini eşitmək belə istəmirlər. Çünki belə bir perspektiv onların maraqlarına ziddir. Görünən odur ki, Ermənistanın fəal hərbiləşdirilməsi, amerikalılarla birgə hərbi təlimlər, Aİ-nin Hərbi Kəşfiyyat missiyasının daim artması, gərəksiz bir quruma çevrilmiş ATƏT-in Minsk qrupunun yenidən siyasi meydana çəkmək cəhdləri və nəhayət, Qarabağda separatçı qurumun buraxılması ilə bağlı hazırki təxribat meyilləri İrəvanın yeni müharibəyə hazırlaşdığına aydın işarədir. Ona görə də İkinci Qarabağ müharibəsində Ermənistan ağır hərbi-siyasi məğlubiyyətə uğramasını həzm edə bilmədiyinə görə sonrakı dövrdə Azərbaycana qarşı yeni hərbi təxribatlar törətməkdən çəkinmir. Lakin Ermənistanda anlamalıdırlar ki, revanşizm meyilləri onların özləri üçün daha ağır nəticələrə səbəb ola bilər. Azərbaycan hər zaman Cənubi Qafqazın lider dövləti olaraq bölgədə sülhün, sabitliyin və tərəqinin keşiyində durmasına və bu istiqamətdə davamlı səylər göstərməsinə baxmayaraq, onun dəmir yumruğu yerindədir və lazım gəldikdə öz gücünü daha yüksək səviyyədə nümayiş etdirməyə qadirdir. Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi: "...Güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir"".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
83
olaylar.az

1Mənbələr